«Kainatın var olma üsulları" -ından yazdı Əbülfət Mədətoğlu

YAZARLAR 11:16 / 03.10.2024 Baxış sayı: 2103

Bugünlərdə «Ədalət» qəzetinə qonaq gəlmiş söz adamı İbrahim İbrahimli bizə özünün bir kitabını bağışladı. İstedadlı qələm dostumuz  kitabını «Kainatın var olma üsulları» adlandırıb. Kitabın girişində müəllifin bizlərə üz tutaraq yazdığı fikirlərlə tanış olarkən hiss etdim ki, o, kitaba daxil etdiyi şeirləri, publisist yazıları, ESSE-ləri və digər nümunələri özünəməxsus ölçülərlə, özünün seçdiyi janr müstəvisində sıralayıb. Ona görə də o, öncədən oxucuya xəbərdarlıq edib ki, bu kitabdakı mətnlər üslubuna, ifadə etdiyi ədəbi janra görə hər gün qarşılaşdığımız kitablardan fərqlənir. Təbii ki, bu təqdimat şəxsən bir oxucu kimi məni özünə çəkdiyi  üçün  səbirlə və maraqla müəllifin təqdim etdiyi kitabı oxumağa başladım. Və elə ilk publisist düşüncə nümunəsi olan fikir mənim üçün diqqətçəkən oldu. Belə ki, müəllif vurğulayıb:

- Sevgimizi sonsuzluğa qədər yaşayacayam. (Bu gördüyüm yuxunun reallığıdı). O sonsuz yuxunun sonsuzluğunda. Sevgimizin xatirələrini, mənə yaxınlığını sonsuzluğa qədər və həmçinin sonsuzluğun ömrünü yaşadacaq bizə və həmçinin sevgimizin sonunun olmamağı (xüsusi vurğulayım ki, sözügedən məqam dünən reallaşıb).

Təqdim etdiyim bu fikir müəllifin sevgi sonsuzluğuna fəlsəfi baxışının  onun əbədiyaşarlığınıın,  güvənin və inamının ifadəsidir desəm, yəqin ki yanılmaram. Elə bu üslubda da qaranlığa, yaşanmamış bir günə və digər məqamlara öz baxışını ifadə edən müəllif kitabdakı şeirlərində də həmin özəl baxış bucağını oxucuya təqdim edir və istəyir ki, onunla oxucu arasında təkcə şeirin yazılı forması, misra düzümü yox, həm də ruh təması olsun, fikir bağlılığı yaransın. Məsələn:

 

Gedənləri görmədin,

Gələnləri gör barı.

Ömrümün o dünyasında

Ömrümü al barı –

Ölüm qabağında.

 

Saxla ömrümü özündə,

Uzaq olsun dərddən də.

Kimsə ömrümü görməsin

Adilik biçimində –

Ölüm qabağında.

 

Ömrümə işıq ara,

Ömrümə ömür tapım.

Ömrünün işığı düşsün ömrümə,

 Bu dünyanı yaşadım –

Ölüm qabağında.

 

Zənnimcə, təqdim etdiyim bu şeir özü-özlüyündə müəllifin ömrə də, ölümə də, sevgiyə də hansı mərtəbədən və hansı nəzərlərlə baxdığını göstərmiş olur. Birmənalı olaraq, oxucu olaraq hiss edirsən ki, söhbət ruh dünyasından, ruh aləmindən gedir. Ona görə də onun:

 

Sizi and verirəm Allahın Allahlığına,

Ölümlə və ölümünlə sevişməkdən,

Ölümü və ölümümü ömrümdə gəzdirməkdən

Ölümə və ya ölümümə sevinməkdən

Qoruyun məni.

 

İbrahim İbrahimlini ruh, məntiq və bir az da özünəməxsus fəlsəfi düşüncələr aspektində, hardasa mənə görə yerdən yuxarı, göydən aşağı bir məkanda qərar tutan, gəzib dolaşan ilham pərisinin diktəsi olan bu kitab yəqin ki, artıq diqqəti çəkib. Çünki istedadlı şairin bu kitabında mən yaşamağı da, sevməyi də, yaşatmağı da, sevdirməyi də, hətta ölməyi və ya öldürməyi də yalnız ilahi eşqin, sevginin gücü ilə etməyin mümkünlüyünə aşkar bir çağırışla qarşılaşdım. Mən kitabda məhz vurğuladığım məqamların hakim olduğuna daxili bir yəqinlik hasil etdim. Elə bu yəqinliklə də müəllifə və onun oxucularına uğurlar diləyirəm.