Fərhad Tapdıqoğlu - "Kəkilli dağ"ın da üzü gülürdü
24 sentyabr 2025 -ci il.Günəşli payız günlərinin biridir.34 ildən sonra görüşə gedirik, dünyaya göz açıb,16 yaşıma qədər yaşadığım doğma Yuxarı Divanalılar kəndimizin görüşünə. Maşınımız "Qırmızı bazar"dan Sos kəndi ( o illər camaatımız Sust deyirdi) istiqamətinə yol aldı.Artıq "Kəkilli dağ" görünürdü.Günəş " Kəkilli dağ"ın kəkilinə tumar çəkirdi."Kəkilli dağ" xumarlanır,üzü gəlirdi.Sevinirdi "Kəkilli dağ"...
Salam," Kəkilli dağ"ımız! Xoş gördük ,xoş görüşdük!
"Hay"lar hamısı sənın nəinki kəkilinə ,özünə də qurban olsunlar,əsrlərlə vüqarla dayanan ,neçə- neçə savaşların şahidi olan əzəmətli " Kəkilli dağ"ımız!
Sos kəndini keçdik.Bu da atalarımızın" Maşad kənd" ,"Maşad bəyin kəndi" adlandırdıqları kənd( İndiki adı Cütcü)...
Bu da kəndimiz! Bu balaca bağ( tut bağı) ,bu " kaftarçıq".Bu da böyük qənd qəbiristanlığına çıxan yol,34 il kənd camaatının ayaq basmadığl yol da itib.Biz də gedə bilmədik yüzlərlə insanın uyuduğu yerə.Səbəb aydındır.Mina təhlükəsizliyinə görə icazə
vermədilər.
Bu qəbiristanlıqda "Ağ möylə" ocağı var.Oranı da ziyarət edə bilmədik.Rəvayətə görə "Ağ oğlan" la ,Ağ möylə" qardaş-bacı olublar.
("Ağ oğlan " əslində alban kilsəsidir.Mənfur düşmənlərimiz həmin məbədin üstündə olan ,ərəb əlifbası ilə yazılmış daş lövhəni çıxarıb ,yox eləyərək ,özlərinin kilsəsi adlandırıb,ziyarət yerinə çevirmişdilər.Halbuki keçən əsrin 70- ci illərinin əvvəllərinə qədər ,həmin məbədin içində " donuzlar" donuz saxlayırdılar. Onlar "Vəng" ,"Amaras" adlandırırdılar bu məbədi).
"Ağ oğlanı" kilsəsinə də getməyə hələlik icazə yoxdur...
Dayanıb,düşmənin xarabalığa çevirdiyi Məşədi Cümşüdün,Bədirxanın tağbəndlərinə baxdıq.
Yaddaşımın vərəqlərini çevirdim.Alçaq qonşularımızla olan savaşlar onlar torpaqlarımızda məskunlaşandan müəyyən fasilələrlə davam edib.Böyüklərimizin danışdıqları 1905,1910,1915,1918...illər.
Haşiyə çıxım.
Vaxtilə Divanalıar kəndində 850 təsərrüfat olub.Bəyliklərin evlərinin xarabalıqları hələ də qalır.Çar Rusiyasının siyasəti nəticəsində və sonralar bizim bəylərin " səxavəti"ndən torpaqlarımız zaman- zaman "haylara" peşkəş olunub.Savaşlar ,qırğınlar nəticəsində kənd camaatı itkilər verərək ,kəndi tərk ediblər.Eşitdiyim ,bildiklərindən bir neçəsini sadalayım.Bizim toyuq ferması olan ərazi,yanında qonşularımızda olan "Zöhrabın bağ"( onlar da belə adlandırırdı),sonra bizim alma bağı,üzümlük,sonra onların bağı.Onların fermaları ola "Sulu dərə"nin yolu ( onlar da belə adlandırırdı) bizim kəndin içindən keçirdi...
Kənd işğal olunana qədər kənddə olan " divanxana"nın yerinin qalıqları da dururdu."Divanxana" ,yəni indiki məhkəmə.
Bir cümlə ilə qeyd edim ki,"haylar"ın törətdikləri müsibətlər nəticəsində və sonralar kəndin nəzər - diqqətdən kənarda qalması ,bu böyük kəndin boşalmasına gətirib çıxardı.Elə biz də 1968- ci ildə Aşağı Divanalılar kəndinə köçmüşük.Kənd işğal olunanda cəmi 10 ailə yaşayırdı kəndimimizdə,bu kənddə.
Deyəsən mətləbdən çox uzaqlaşdım...
Bir maraqlı faktı bir daha qeyd eləmək istəyirəm( Başqa yazılarımda bir - iki dəfə xatlrlatmışam).
Əmimin həyat yoldaşı Güllər bibim 1910- cu ildə növbəti savaşa görə boşalan kənddə qardaşları Muxtar və Abışla birlikdə qalırdı.(Başqa kişilər də vardı)
Yeniyetmə qız olan Güllər bibim Bədirxanın bağında tut ağacına çıxıb tut yeyərkən güllə səsi eşidir.Qardaşı 27 yaşlı Muxtar qoz ağacının artında yerə sərilir.Bibim ağacdan düşüb gizlənə - gizlənə gəlib artıq dünyasını dəyişmiş qardaşının altından tüfəngi götürüb, Məşədi Cümşüdün tağbəndinə tərəf atəş açır."Qatardaş" deyilən ərazidə olan 30 yaşlı Abış ( Güllər bibimin qardaşı) qardaşının tüfənginin səsini tanıyıb, atəş yerinə qaçır.Bacı qardaş beş düşməni məhv edirlər.Abış sağ qalan birinin isə qolunu kəsib buraxır ki,onlara dərs olsun.(Amma o təəsüflər olsun ki,dərs olmadı)
... İndi nə o qoz ağacı var,nə bibimin tut yediyi tut ağacı...Düşmənlərimiz bizim ata- baba bağlarımızl "ata malı" kimi öz aralarında " bölüşdürüb" ,bizim o gözəl bağları qırıb,yeni bağ salıb,bostan əkiblər...
Yoxdu o xan çınarlar, çəkil ağaclarına dırmaşan mərəndə,qızıl üzüm ,ağ üzüm,qara üzüm...bağları...
Eşidiyimə görə meşənin aşağısında olan Mehdi bulağı da quruyub.
"Qatardaş" tərəfə boylanıram. "Qatardaş"ların nizamı da pozulub.
" Balaca güney " daha da balacalaşıb.
"Məşədi bəyin yolu "da it- bata düşüb.
"Xırman yeri"ni güclə seçmək olur.
"Səfərəkən" yeri uzun illərdir ki,əkən yoxdur.
"Dəllək dərəsində" 32 il dəlləklik eləyənlərin ...kəsib buraxdı igidlərimiz!..
Təbiətin möcüzəsi olan "Qarı bulaq" "Sulu dərə"nin
su mənbəyi idi.
"Qarı bulaq" da əsil sahiblərinin həsrəti ilə göz yaşı axıdıb,ağlamaqdan gözləri tutulub ...quruyub...
Aç gözlərini,"Qarı bulaq",aç,biz artıq gəlmişik!...
"Qərib uçan" yer,möhkəm dayan,çörəkitirən qonşular uçub getdilər...Yox,Ordumuz uçurdu onları,birdəfəlik uçdular, qanadlarını qırdıq onların. İnanmıram yenidən pərvazlanalar...
"Dilək daşı" diləyimiz hasil oldu,şükürlər olsun!
Nə balaca görünürsünüz "duzdax " daşları?!
"Hay"lar duza gəldilər ,32 il "yaladılar, yaladılar" ,getdilər birdəfəlik...
"Nərgizlik" .Görmədim Sizi! Amma inanıram Siz torpaqdan baş qaldıracaqsınız.İnanıram.
Babalarımızın bağları,Məhəmmədin bağı,Zöhrabın bağı,Şərifin bağı,Kertin bağı,Çəröüşün bağı,alma bağı,üzüm bağları,xan çınarlar,qoz ağacları...
Bağlar hamısı məhv edilib.İşğalçılar ağaclar əkiblər.Amma onların kəsdikləri bəzi ağaclar yenidən pöhrə verib,boy atıblar...
Ay boynubükük bənövşələr ,əsrarəngiz ətri olan bənövşələrim,inşallah yazda gəlib Sizi tapacam.
Biz gəlmişik boynunuzu düzəldərsiniz daha!
...Bu da bizim yurd yerimiz...
( davamı var)