Əlirza HƏSRƏT - KÖHNƏNİN KÖHNƏ YERİ VAR
Ahım dönüb "şikəstə"yə,
Ad verən yox bu bəstəyə?
Könül bağlayıb tüstüyə,-
Közə gələn dosta şükür.
Yaylığım qaldı çəpərdə,
Quşlar üstünə örtər də.
Məna gəzib hər xəbərdə,
Sözə gələn dosta şükür.
Çətirsiz girdim yağışa,
Buludlar göydən yığışa.
Üstümdəki hər baxışa,-
Gözə gələn dosta şükür.
Könül eylədisə qübar,
Gözlər də bağlayar qabar
Köhnənin köhnə yeri var,
Təzə gələn dosta şükür.
Yarı şaxta,yarı bürkü,
Nə qorxu var,nə də hürkü.
Ürəyində sevgi yükü,
Bizə gələn dosta şükür.