Ələsgər ƏLİOĞLU : - BU QIŞI DA YÖNƏ VERDİM...

Yollarından yığdım daha gözümü,
Mən özümə həyan bildim özümü...
İlk dəfəydi həsrətin sərt üzunü,
Qabaq-qənşər durub gördüm bir təhər.
Hər misrama vaxt-vədəsiz düşdü dən,
İllər kəsdi hər şerimin ömründən...
Taleyimin qapısından o gündən,
Daha yadtək gəlib girdim bir təhər.
Leysan yudu o cəhlimi, o izi,
Açılmadı sözümün bət-bənizi...
Şaxtam vurdu bənövşəni, nərgizi,
Xəyalımda çələng hördüm bir təhər..
Xatirələr sinə-sinə sinəmdə,
Qoymadıkı dərd-qəm sönə sinəmdə.
Bir əlçim qar qaldı yenə sinəmdə,
Bu qışı da yönə verdim bir təhər.
15.03. 2024