Əlisəfa Azayev : - NAMUSLU TİCARƏT
- Sən çox...
- ...
- Qəlp adamsan...
- ...
- Namuslu ticarətlə məşğul olmursan.
Bağır bir andaca lap cin atına minən kimi oldu. Aydının sözləri onu elə təsirləndirmişdi ki... Özünü saxlaya bilməyib, düz bir məhkəməyə gəldi. Ağlına da gəlməzdi ki, özü özünü belə tələyə salacaq. Axı Aydın ona heç nə deməmiş, göstərməmişdi... Onun söz-söhbətini sadəcə olaraq yekəxanalıq kimi başa düşüb, inciyən kimi olmuşdu. Hətta ayrılanda demişdi:
- Yaxşı baxarıq...
- ...
- Görərik kişi, nakişi kimdi...
- ...
- Əlindən gələni beş çömcəyə çək.
Onun belə ürəklə danışması da səbəbsiz deyildi. Qara kürü ilə məşğul olduğu üçün, az-çox hamısını əvvəldən görür, haqqını verirdi. Müxtəlif bəhanələrlə. Birisini Yeni il münasibətilə təbrik edir, digərini 8 Mart, ya da ki Novruz bayramı ərəfəsi... Son vaxtlar 28 May – Respublika günü də dəbə düşmüşdü. Hakimi isə o əsasən Ədliyyənin yaranışı günü – 22 Noyabr günü təbrik edərdi. Pay-parçası, hədiyyəsi ilə. Bu dəfə isə pul gətirsə də, konvert-zad olmadı, sadəcə dedi:
- Rəsmi hissədən sonra, sözsüz ki, bədii hissə olacaq da... Ziyafət mənim boynuma.
Hakim üçün də nağdı hər şeydən əla idi. İndi odur ki, göstəriş verdi, tədbirə xeyli adam çağrıldı. Uman-küsən də qoymadı, çoxuna da dedi ki, axırda gözləsin, yemək-içmək olacaq.
Bax bu səbəbdən də, Bağır özünü hakimə dost adam bilir, öyünürdü. Zarafat deyildi, gör neçə nəfərlik məclisini yola vermişdi. Görüşəndə də dedi:
- Cənab hakim, razı qaldınız?..
- Belə də...
- Məncə, mis olmadı...
- Camaatı heç nədən zəhərlədin də. O nə araq idi düzdürmüşdün ortalığa.
- Tut arağı idi də... Başqasını məsləhət bilmədim. Elə bizim hacı, axund da bundan içir... Müalicə xarakterlidi.
- Onları bilmirəm, mənim zəhləm gedir bu içkidən. Samadelni hazırlanmış nemətdi də. Sonra da desinlər ki, hakim qanunsuz işlərlə məşğuldu.
Bağır lap təsirlənən kimi oldu:
- Cənab hakim, siz Allah bağışlayın. Mən belə olacağını qətiyyən bilməzdim. Nədən beləsiz... Bir qədər kefsiz dəyirsiz gözlərimə ey...
- Sənin o zəhrimarından içəndən bu günə düşmüşəm də... Məni tamam allergiya basıb, gecəni yata bilməmişəm.
Bağır ona görüm-baxım edib, otağından yenicə çıxmışdı ki, Aydınla beləcə qarşılaşdı. Hünərli adam kimi ona sözlərini dedi. İlk baxışda Aydın onda elə bir şübhə oyatmadı. Əgər bilsəydi ki, onun məqsədi başqadı, heç dillənərdi? Dilini dinməz yerinə qoyub, “bəli, bəli...” deyər, işini yola verərdi.
Aydın iri bir bükülü ilə içəri girəndə hakim lap diksinən kimi olub səsləndi:
- Ə, sən kimsən?!.
- Vətəndaş...
- Səni kim buraxıb içəri?
- Kim vardı ki, orada?..
Hakim dərhal mühafizə alayının işçisini çağırıb abrın aldı:
- Utanmırsan da!..
- ...
- Adını polis qoymusan!..
- ...
- Zərli paqonlu forma gəzdirirsən.
- Mən zabit deyiləm, cənab hakim...
- Sus... Məhkəmədə işləyirsən. Sən ondan da yüksəkdə dayanmalısan...
- Əlbəttə ki...
- Nə ürəyinə yatır.
- Yağ kimi...
- Tfu!.. Biqeyrət!.. Sənə post, növbə arxayın olublar, yerində olmursan... Qapını açan içəri keçir...
Polis nəfəri güzəştə gedəsi, səhvini etiraf edəsi oldu:
- Bağışlayın, cənab hakim...
- Bağışlamalı bir şeyim yoxdur!..
- Etiraf edirəm...
- Hələ bir etiraf da eləmə!..
- Günahkaram...
- ...
- Ayaqyoluna getmişdim...
- ...
- Nə sancılanmısan belə?!. Az ye də!..
Hakim İsabala Dadayev Aydına əyləşməsi üçün yer göstərdi:
- Buyurun...
- Çox sağ olun...
- Eşidirəm...
- Bu dəqiqə...
- Söhbəti uzatmayın... Vaxtım yoxdur.
Hiss olunurdu ki, oğlanın qoltuğundakı sarı barama kağıza bürünmüş, bu şey onu çpx narahat edir. Axırı əlacsız qalıb özü dilləndi:
- Ürəyin çəkilməsin!..
- ...
- Qurtar da!..
- ...
- Sözünü de də!.. Bilək bu nədi!..
- Nə olacaq...- deyə Aydın başına gələnləri hakimə söhbət etməyə başladı.
Hakim onu dinlədikcə gah əsib-coşdu, gah ah çəkdi, gah da polisə zəng etmək istədi. Səbirli olub dedi:
- Bax bu asan iş deyil...
- ...
- Üstündə duracaqsan da...
- Əlbəttə ki...
- Onda mən də qərardad çıxararam...
- ...
- Verək istintaqa, araşdırılsın da. Bu qancığın doğduğu çox qudurub. Deyir ki, atam mənə Nazkom deyir. Bax da, necə qudurasan ki, özünü beləcə adlandıra biləsən.
- Sizi hakim saymır da...
- ...
- Saysa yanınızda, üzünüzə qarşı belə deməz.
Hakim Aydının gəlişinə, onun gətirdiyi dəlil-sübuta, nemətə qarşı nə qədər həlim, səbirli olsa da, dilləndi:
- Ə, kəs! Yekə-yekə danışma. Müsəlman belədi də... Bir az üz göstərdin, yorğanı, astarını da istəyəcək.
- Yox!..
- ...
- Məni belə başa düşməyin!..
- Sizi lap yaxşı başa düşürəm. Fikir eləmə, haqqını verəcəyəm, artıqlaması ilə.
Aydın əsəbi halda yerindən qalxıb, getmək istəyəndə Bağır içəri girdi. Onu hakim katibi vasitəsilə çağırtdırmışdı. Könlünə qara kürü düşmüşdü. Dilləndi:
- Geroy... Əyləş...
- Yenə nolub ki...
- Nə olacaq ki, dələduzluq etmisən!
O, istər-istəməz büzüşdü, ağzın əydi:
- Nə danışırsınız, cənab hakim... Mən belə adam deyiləm, ola bilməz... Mən bayaq telefonda da sizə dedim, mən onu yox, o məni təhqir edib...
Hakim çətinliyə düşdüyünü hiss edən adam kimi mızıldandı:
- Yaxşı... Əl verib barışın... Qurtarıb getsin...
Aydın bu an sanki onu yenidən qınadı:
- Cənab hakim, bu nə deməkdir?!. Hələ bir dinləyin, görün mən bura nə üçün gəlmişəm də.
Hakim gülümsədi:
- Dinləyirəm də.
- Belə yox...
- Bəs necə...
- Bax belə... –deyə o əlindəki bükülünü aça-aça stolun üstə qoydu.- Yaxşı olar ki, o meyvə qabını verin, buralar islanmasın...
Hakim mızıldandı:
- Hə...
- ...
- Qara kürüdü də...
- ...
- Soyuducudan çıxmış...
- Bilirəm...
Bağır əvvəl ani tutulan kimi olsa da, sonradan əsl mənada hücuma keçdi:
- Cənab hakim, bu hələ bilmir ki, ticarət nə deməkdir...
- ...
- Məni də ittiham edir ki, namuslu ticarətlə məşğul ola bilmirəm...
- ...
- Onda yaxşı, siz deyin... Nə yoğurmayım, nə yapmayım... Heç nəyə də əl vurmayım... Bəs bu vergini, arenda pulunu nə ilə verim?!.
Aydın o an kükrədi:
- Əclaf, gərək elə bu oyunu mənim başıma açaydın. Heç nədən nazirin də yanında rüsvay, biabır oldum.
Hakim məsələnin ciddiliyini görüb, onları sakitləşdirməyə başladı:
- Bir sakit də...
- ...
- Görək bu nə tamaşadı...
- ...
- Kürüdən indi daha çox su axır ki...
- Hələ çox axacaq...
- Bu görünən ağ şey nədi?..
- Bunu ondan soruşun da.
Bağır daha abır-həyanı tullayıb dilləndi:
- Cənab hakim onun gözünə ağ yox, qara şeylər görünür həmişə...
Aydın onu qınadı:
- Ədəbli danış...
- Elə görürük ədəbli kimdi... Gör kim məndən şikayətə gəlib...
Hakim bir də gördü ki, bütün kürülər aşağı sıyrıldı, boşqabda iri bir daş duz parçası qaldı. Heyrətlə səsləndi:
- Bağır!..
- ...
- Oyunun olsun!..
- ...
- Bunlar sənin əməllərindi?!.
Bağır təslim olana oxşamırdı:
- Daha bəs nə edək?!. Hamı deyir ki, ver gəlsin. Bunun su polisi, ekologiyası, vergisi, polisi, prokuroru...
Hakim ciddiləşdi:
- Hə, nə susdun?! Sözünə davam elə...
- Məhkəməsi var...
- Ay əclaf, sən nə vaxt mənə pul vermisən?!
- Gərək elə sizə ola...
Hakim qəti fikrini dedi:
- Bu işin bircə adı var: dələduzluq!
- Bəs barışsaq?!.
- Belə işlərdə barışmağın heç bir əhəmiyyəti yoxdur.
- Axı məncə belə deyil axı.
- İndi mənimlə söz güləşdirəcəksən?!
- Deyirəm də... Söz azadlığı yoxdu bəyəm?
- ...
- Azadlıq bahalı nemətdi...
- ...
- Qiymətli nemətdi...
- ...
- Azad insan qorxu və kədərdən azaddır...
Hakim ona acıqlandı:
- Utanım yerinə... Başqalarına ağıl verməklə deyil. Gərək insanın öz ağlı da ola. Kişini heç nədən nazirin yanında xəcil etmisən.
Bağır qımışdı:
- Lap yaxşı etmişəm. Onun naziri gərək hökmən rüşvət alsın, qara kürü yesin?!
- Ə, ağzına gələni danışma. Özüm könüllü pay vermişdin. Müsəlman deyilik?!
- Müsəlmanıq... Ancaq qan içənə yox. İndi gör hələ sənin o nazirinin başına nə oyun açacağam.
- Bax, cənab hakim, bizim bəzi müxalifətçilər belədi də. Özləri əyri yol gedir, elə bilirlər ki, hamı belədir... Bu addımı atır... Soyub-talayır.
Bağır sanki büzülüb-yığılmış, “zavadit” olunmuş saat idi. Elə bil ki, o an cingilti ilə zəng çalmağa başladı:
- Bəs o sosialdakı qanunsuzluqlar, mənimsəmələr... Neçəsi tutuldu, həbs olundu. Minlərlə kart əldə idi... Pulları çıxaranda tutuldular... Sonra da o peşə məktəbindəki... Direktorun hərəkətləri... Üç yüzdən artıq tələbənin pulunu alır, kartlarını özlərinə vermərmiş... Hamısı seyfindən tapıldı da...
- ...
- Qamarlayıb, aradan çıxmaq istəsə də... Yaxalayıb, imkan verməyiblər... Ağzı üstə yerə yıxılıb, kartlar ətrafa səpələnib...
- ...
- Bunları rəhbərlərin görmür, xəbərsizdi də?!.
- ...
- İnanan daşa dönsün!.. Arxayın olmasalar, ehtiyatlanar, bu oyunları da çıxartmazlar.
Hakim özünə gəlmiş kimi dedi:
- Yaxşı indi nə edək?
Bağır mızıldandı:
- Başda gedənimiz sizsiz də...
- Əvvəl kişinin pullarını qaytar.
- Bu öz işimizdir...
- Pullarını qaytar! – dedim.
Aydın nə qədər dilxor olsa da, kürü üçün Bağırın ona uzatdığı pulları ala-ala dedi:
- Cənab hakim, daha nə deyim... Hakim adamsız, bu işin incəliklərini siz yaxşı bilirsiniz...
Hakim öz hökmünü göstərdi:
- Mənim qərarım qəti olacaq?
Bağır qımışdı:
- Yox a...
Hakim onun bu irişməsinə dözməyib katibə səsləndi:
- Polisə zəng çal!..
- Oldu, cənab hakim!..
- Gəlib bunu aparsınlar!..
Bağır ömründə bu vəziyyətə düşməmişdi. Az qalmışdı ki, sarısını udsun, alt paltarını bulaşdırsın. Səsi titrəyə-titrəyə dedi:
- Aydın, daha nə istəyirsən?.. Sən çıx da... Hakimə sözüm var...
Hakim bir andaca əsib-coşdu:
- Ə, sənin mənə nə sözün olacaq. Bir az yeməyə kürü vermişdin, boynuma minəcəkdin. İndi, yatarsan içəridə, ağlın başına gələr.
- Cənab!..
- Sus!..
- Cənab hakim!..
- Dedim ki, sus da!..
- Axı mən də vətəndaşam, qoy bir sözlərimi deyim də...
Hakim əsəbiləşən kimi idi. Onun imkan edib verdiyi pullar başına çırpıldı. Polislər içəri girəndə Bağrı yerdən pul toplayan gördülər. Dodaqaltı mızıldanırdı:
- Adam adam, siz də mənim adamım... İndi məni tutduracaqsız da?!.