Meyxoş Abdullah : - Girov qoyulmuş namus…

YAZARLAR 13:25 / 22.11.2024 Baxış sayı: 2145

 

(hekayə)

Əlində bağlama tutmuş gənc qadın otağa girəndə, gömrük nəzarətçisi qıyğacı nəzərlərlə onu başdan-ayağa süzdü. Qadının açıq-saçıq geyimi nəzarətçinin vicudunu qıcıqlandırdı.

Otağın bürkülü havası qadını darıxdırdığından, o, barmaqlarının ucuyla paltarının yaxasından tutub astaca yellədi. Sanki bununla azacıq da olsa istidən təngiyən nəfəsinə sərinlik vermək istədi.

- İstindir?!- deyə gömrük nəzarətçisi qadına söz atdı.

Oğlanın kobud danışığı gənc qadını xoşuna gəlmədi. Amma bu cansıxıcı mühitdən qurtulmaq üçün o deyəcəyi sözü dilinə gətirmədən uddu.

Gömrük nəzarətçisi qadının acıqlı olduğunu hiss etsə də, sonda onun yumuşalacağını bildiyindən kinayə ilə gülümsədi. Çünki o, hər gün bu məntəqədə belə qadınlarla çox rastlaşırdı və onların işlərini aşırmaq üçün bəzən necə yalvardıqlarının da şahidi olmuşdu.

Qadın da, harada olduğunu yaxşı dərk edirdi. Bilirdi ki, burada susmaqdan başqa çarə yoxdur, yoxsa günlərlə qapı ağzında gözləməli olacaqdı. Odur ki, zorla da olsa gülümsəyərək:

- Burada çoxmu gözləyəcəyəm, cavan oğlan?! – soruşdu.

Nəzarətçi cibindən çıxartdığı dəsmalla boyun-boğazının tərini silə-silə, qadının əlində tutdğu bağlamaya işarə edərək:

- Orada nə var?!

- Pal-paltar! – deyə qadın cavab verdi.

- Aç görüm!- deyə nəzarətçi əmr etdi.

Qadın bağlamanı açıb içindəkiləri stolun üstünə tökdü. Bir neçə dəst uşaq geyimi və xırda-para ərzaqdan başqa ortada heç nə yox idi.

- Elə bu?! – deyə nəzarətçi təəccübləndi.

- Bəs nə olmalıydı? - qadın maraqla soruşdu.

Nəzarətçi yarıciddi-yarızarafat tərzdə dedi:

- Dollar…narkotika, qızıl və sair və ilaxır…

- Qadın əlini ağzına qoyub bərkdən güldü və:

- Dollar... narkotika???... Onları gələn dəfə gətirəcəyəm, bu dəfə bazarım bir az kasad oldu. – deyə o, nəzarətçini doladı.

Gömrük işçisi əsəbləşdi:

- Dişi pişik kimi nə hırıldayırsan, göstər görüm nəyin var? Yoxsa, özüm səni soyunduracağam. Gizlətdiklərini də haradan çıxaracağımı özün yaxşı bilirsən.

Qadın əlindəki kiçik pulqabını açıb, oradan bir neçə dollar çıxartdı və onları barmaqlarının ucunda tutub dedi:

- Dördyüz əlli dollardır, bunlardan başqa heç nəyim yoxdur, inanmırsan axtara bilərsən, - deyə o, qısa yubkasının ətəyini bir az da yuxarı qovzadı.

Nəzarətçi qadının əlində tutdiğu dolları alıb saydı.

- Hardandır bunlar? – soruşdu.

Qadın dişlərini bir-birinə sıxaraq, yaralı ilan kimi fısıldadı:

- Haradan olacaq, göydən başıma tökülməyib ki, zəhmətimin bəhrəsidir, əziyyət çəkmişəm, tər tökmüşəm.

Nəzarətçi qadına göz vurub:

- Hər halda alın təri deyil, - elə deyilmi? – deyə pıqqıldadı. - Amma bir həftəyə dörd yüz əlli dollar da az deyil?!.. O, dollardan birini barmaqlarının ucunda qatlayıb cibinə basdı və:

- Bu işdə bizim də əziyyətimiz az deyil, elə deyilmi? Tez-tez gəl-get, amma gələn dəfə yaxşı qazan, bizə də bir az…

Söz onun ağzında yarımçıq qaldı. Qadın var gücüylə onun üzünə karlı bir şillə çəkdi.

Nəzarətçi bir anlıq özünü itirdi. Sonra quduz it kimi qadının üstünə atılıb, onun baş-gözünü yumuruqlamağa başladı.

Qadın qışqıraraq haray-həşir salmağa başladı. Hay-küyə qonşu otaqdan gömrük nəzarət məntəqəsinin rəisi içəri girdi.

Təəccüblə:

- Burada nələr baş verir? – soruşdu.

Şillənin təsirindən hələ də özünə gələ bilməyən gömürük nəzarətçisi çaşqın halda:

- Cənab rəis, bu fahi… bağışlayın, bu qız mənə əl qaldırdı, məni təhqir etdi.

Rəis dönüb gənc qadına baxdı. Qadın divarın dibinə sıxılaraq, ağız-burnundan axan qanı əlinin arxasıya silə-silə ağlayırdı. Rəisin ona baxdığını görcək, bir az da ürəkləndi:

- Yalan deyir, o özü məni təhqir etdi, pulumu götürdü.

Rəis stolun üstündəki pal-paltara baxdı. Sonra da dönüb hələ də əlini üzündən götürməyən işçisinə əmr etdi:

- Qaytar onun pulunu!..

Nəzarətçi əl-qol ataraq:

- Rəis, o yalan deyir.

Rəis bu dəfə bərkdən qışqırdı:

- Qaytar deyirəm sənə!..

Nəzarətçi başını aşağı dikdi, sonra əlini cibinə salaraq götürdüyü pulu qadına tərəf uzatdı.

Qadın pulu ondan alıb ovcunun içində gizlətdi. Sonra stolun üstünə tökülmüş pal-paltarı çantasına yığaraq otağı tərk etmək istəyirdi ki, rəisin: - arxamca gəl!.. əmri onu dayandırdı.

Qadın bir söz deməyib titrək addımlarla onun arxasınca getdi.

Rəis otağına keçib qadına oturmaq üçün yer göstərdi, sonra stolun üstündəki qrafindən stəkana su töküb ona verdi.

Qadın əlindəki bağlamanı bərk-bərk sinəsinə sıxaraq suyu birnəfəsə içdi. Sonra udqunq-udquna:

- Çox sağ olun, indi gedə bilərəmmi?

Rəis diqqətlə onun üzünə baxaraq:

- Adın nədir? – soruşdu.

- Sevda.

- Ailəlisən?!

- Hə… iki uşağım da var. Ərim altı ildir ki, həbsdədir. Qoca və xəstə qaynatamla birlikdə oluruq.

- Türkiyəyə nə məqsədlə getmişdin?

- Məni ora işə düzəltmək adıyla bir rəfiqəm aparmışdı. Gedəndən sonra anladım ki, aldanmışam. Qayıtmağa heç cür imkanım yox idi, məcburiyyət qarşısında qalıb… Sevda başını aşağı salıb susdu.

Rəis otaqda bir qədər var-gəl etdikdən sonra stul çəkib qadınla üzbəüz oturdu.

- Sevda xanım, axı sənin uşaqların var, sən anasan. Bilirsən, nə işlə məşğul olursan?! Sabah ərin həbsxanadan buraxılandan sonra bəs nə olacaq, onun üzünə necə baxacaqsan? – Bunları anlayırsanmı?

Sevda əllərini ağzına təpərək uşaq kimi ağlayırdı. Onun bütün vicudu titrəyirdi, deyilən sözlər ona bərk toxunmuşdu.

Rəis qızın haldan çıxdığını görüb yenidən ona su verdi və sakitləşdirmək üçün dedi:

- Qayıt öz ev-eşiyinə, yığ balalarını başına. Deyirsən xəstə qaynatan da var, demək evdə yaşlı, ağsaqqal adam var. Bəs sənə nə lazımdır?

Sevda çiyinlərini çəkdi:

- Bəs, elə məni bu günüə salan, o iki uşağım, xəstə qaynatam deyilmi? Dolana bilmirəm rəis, inanın ki, dolana bilmirəm. Ərim tutulandan sonra cer-cehizimi, pal-paltarımı satıb uşaqları, xəstə qaynatamı saxlayırdım. Mümkün olmadı, axırda yaşadığımız evi də dəyər-dəyməzə satıb, kirayə yaşamağa məcbur olduq. Bir müddət də beləcə gün keçirtdik. Xəstə qaynatamın dərmanlarını almağa pul tapa bilmirdim. Aylarla iş axtardım. İş yox idi, olanda da, bilirsən adama nə təklif edirdilər? O bir qədər susdu. – Nə edəydim, cənab rəis? Sizdən soruşuram, nə etməliydim bəs?! Mənim balalarım ilan deyildilər ki, torpaq yesinlər. Hələ xəstə, qocq qaynatamı demirəm. Elə bilirsiniz mənə ağır gəlmir, vicdan əzabı çəkmirəm? İnanın, balalarımın üzünə baxa bilmirəm, utanıram, xəcalat çəkirəm, iyrənirəm özümdən.

Camalov bu vəzifədə on ildən artıq idi ki, işləyirdi. Çox üzlər görmüşdü, insanları yaxşı tanıyırdı. Sevdaya inanmağı gəlirdi. Düşünürdü, doğurdanmı o uşaqlarının, xəstə qaynatasının ücbatından bu yola düşüb. Bu dolaşıq fikirlər onu yaman çaş-baş salmışdı. O, pəncərənin önündə durub çənəsini ovuşdura-ovuşdura fikrə dalmışdı. Birdən nə fikirləşdisə geri dönüb dedi:

- İşin olsa, işləsən bu yoldan çəkinərsənmi, deyirsən?!

- Əlbəttə, niyə çəkinmərəm ki…- deyə Sevda qəti şəkildə bildirdi.

- Qalx ayağa!- deyə rəis sanki əmr etdi.

Sevda heç bir söz deməyib ayağa qalxdı.

- Birbaş sizə gedəcəyik. Əgər dediklərin doğru olsa söz verirəm sənə yaxşı məvacibli bir iş tapmaqda kömək edəcəyəm.

Onlar birlikdə otaqdan çıxdılar. Qapının ağzında dayanmış nəzarətçi təəccüb dolu nəzərlərlə onları süzdü. Rəis ona çatanda ayaq saxladı və barmağının ücuyla bir neçə dəfə onun sinəsinə vurub dedi:

- Gözlərini geniş aç və adamları yaxşı tanı. Gömrük işçisinin vəzifəsi təkcə bağlamalardan zir-zibil axtarmaqla bitmir. Əgər buna qalsa əhəlliləşdirilmiş itlər də kifayət edər. Biz insanlarla işləyirik. Bax, gör burdan keçib gedən adamlar qəlblərində nə aparıb, nə gətirirlər. Əsas məsələ budur. Bunları görmək lazımdır.

Nəzarətçi rəisin sözlərindən bir şey başa düşmədiyi üçün gözlərini döyə-döyə qaldı.

Maşın qəsəbənin lap qurtaracağında, sökük-salxaq bir komanın yanında dayandı. Həyətdə səkkiz-doqquz yaşlarında bir oğlan, ondan bir neçə yaş kiçik olan bir qız uşağı oynayırdı. Maşın dayanan kimi uşaqların hər ikisi yerlərində dönub qaldılar. Analarını görcək isə, hər ikisi: - anamız gəldi deyib, maşına tərəf qaçmağa başladılar.

Ana övladlarını bağrına basıb, hönkür-hönkür ağladı. Uşaqlar isə bir həftəlik ayrılığa dözə bilmədikləri üçün yaman qəribsəmişdilər.

Sevda uşaqlarından aralanıb, hələ də maşında oturub bu mənzərəni seyr edən rəisə üzün tutub dedi:

- Görürsünüz də mənim günümü? Sonra o, yavaşca uşaqlara dedi: - əminizlə salamlaşın!...

Uşaqlar tanımadıqları adama salam verdilər.

Camalov maşından düşüb uşaqlara yaxınlaşdı və hər ikisinin saçını sığalladı.

Daxma iki balaca otaqdan ibarət idi. Otaqların birinin küncündə salınmış yataqda qocq bir kişi uzanmışdı. Onun nəfəsinin xışıltısı uzaqdan eşidilirdi. Yarımqaranlıq otaqlardan gələn nəm iyi adamın burnunu qıcıqlandırırdı.

Onlar xəstə yatan otağa girəndə kişi azacıq dirsəkləndi və gəlinini görən kimi:

- Sevda, bala, nə yaxşı oldu gəldin, sənin üçün yaman darıxmışdıq,- dedi, Barı, yeməyə bir şey aldınmı, uşaqlar dünəndən acdırlar. Dükançı borca görə uşaqlara bir şey verməyib.

Qadın yaxınlaşıb qaynatasının üzündən öpdü və onun yatağını rahatlaya-rahatlaya:

- Narahat olma, atacan, borcu elə bu gün qaytararıq. Sonra o, yastığın yanına qoyulmuş dərmanlara işarə edərək:

- Bunları içirsənmi?!

Qoca əliylə çılpaq sinəsini ovuşdurdu:

- Zəhrimara qalsın bunları, nə qədər bu acı zəhərdən içmək olar? Daha tabım qalmayıb, qızım. Allahın bir ölmü də yoxdur ki, öləsən canın qurtara. Lənətə gəlsin belə yaşamağı. Sonra qocanın gözləri qapının ağzında dayanmış adama dikildi. Tanımadığı adama bir xeyli baxandan sonra gəlinindən soruşdu:

- Yardım verənlərdir? Çoxdandır görünmürdülər, görəsən başları nəyə qarışıb onların? Sonra üzünü yana çevirib gileyləndi: - Eh, onların verdikləri nədir ki… adamı lap dilənçi zənn edirlər.

Sevda qonqğı qaynatasına təqdim etdi:

- Ata, bu gömrük idarəsinin rəisidir, dolanışığımızla tanış olmağa gəlibdir.

- Bizim dolanışığımızlamı, qızım?!

- Hə, gəlib ki, görsün necə dolanırıq, vəziyyətimiz necədir?

Qoca fısıldadı:

- Hmm… onların özləri elə də pis dolanmırlar. Hər halda onlaraın yanında bizim dolanışığımız dolanışıq deyil. Yəqin, onların gömrükdə saxladığı itlərin vəziyyəti bizmkindən qat-qat üstün olar. - deyə qoca tük basmış çənəsini qaşıdı.

Otağın divarından bir döyüşçü şəkili asılmışdı. Ucaboy, enlikürək, yaraşıqlı bir oğlandı. Qonağın diqqətlə şəklə baxdığını görə qoca kişi xırıltılı səslə:

- Oğlumdur, torpaqlarımız uğrunda gedən döyüşlərdə bilirsən necə qəhrəmanlıq göstərib? Haqqında çox yazıblar. Indisə türmədə çürüyür. Qonşunun namusu üstə. Bir alasəfeh qonşumuz vardı, arvadının ayağı sürüşkən idi. Oğlum bu barədə bir neçə dəfə onu xəbərdar etmişdi, demişdi ki. arvadının ipini yığsın. Yaxşı deyil, qonum-qonşu var.

Kişi isə hər dəfə oğlumun sözünü qulaq ardına vuraraq: - özüm bilərəm sənə nə var?- demişdi. Bu sözlərə dözməyən öğlum bir gün kişini bıçaqla vurub öldürdü. Onun bu hərəkətindən mən də narazı qaldım, axı nə işinə qalmışdı?- dedim. Amma lənətə gəlsin müharibəni, oğlum döyüşdə kontyuzya almışdı, əsəbiydi, əsəbi tutanda özündə olmurdu. İndi hərə öz kefindədir, oğlum isə türmədə çürüyür, balaları da ac-susuz qalıb. Bizi dolandıran bu qızdır, biz onun möhtacıyıq. Bir tikə çörək qazanmaq üçün özünü oda-közə vurur. Allah bilir, camaat adına hansı sözlər deyir. Eh, lənətə gəlsin belə yaşamağı, - deyə qocq kişi dərindən köks ötürdü.

Qaynatasının bu sözlərindən sonra Sevda başını aşağı salıb lal-dinməz dayanmışdı.

Camalov eşiyə çıxdı, həyət-bacaya bir xeyli göz gəzdirdi. Gedərkən cibindən bir xeyli pul çıxarıb Sevdaya uzatdı:

- Götürün bunları, uşaqlara əyin-baş, qocaya da dərman alarsınız.

Sevda pulu götürməkdən imtina etmək istədi. Camalov təkid etdi:

- Götrün. Bunu sizə görə yox, uşaqlara, xəstə qaynatanıza görə verirəm.

Sevda pulu rəisdən alıb dedi:

- Bunu bir şərtlə götürürəm. Deyin görək, dediyimə inandınızmı?

Camalov əlini seyrəlməkdə olan saçlarına çəkərək:

- Deyəsən inanmağım gəlir, – dedi və gülümsədi.

- Mən isə sizə bir qardaş kimi inandım – deyə Sevda əlindəki pulqabını açıb oradan çıxartdığı dörd yüz əlli dolları cırıb havaya tulladı.- Hələ aldığım paltarları da yandıracağam, - dedi.

Camalov bu mənzərəni seyr etdikcə gözləri yaşardı.

Səhəri gün günortaya yaxın Camalov yenə gəldi. Uşaqlara xeyli ərzaq alıb gətirmişdi. Sevdaya da bildirdi ki, ona babat maaşı olan bir iş tapıbdır, toxuculuq sexində işləyəcəkdir.

Sevdanın sevincindən gözləri yaşardı.

Artıq bir aya yaxın idi ki, Sevda həmin sexdə çalışırdı. Sexin rəisi Sevdanın evinin olmadığını nəzərə alaraq yaxınlıqda ona ev də kirayə etmişdi. Sevda halal zəhmətiylə dolanırdı. Bütün işçilər ondan razılıq edirdilər. İşlər yavaş-yavaş qaydasına düşürdü. Bircə həyat yoldaşının həbsdə olması onu bərk narahat edirdi. Uşaqlar da yaşa dolduqca analarından tez tez atalarını soruşurdular.

Hər istirahət günləri onlara baş çəkməyə gələn Camalov da bu evdə nəyinsə çatışmadığını hiss edirdi. O, mərkəzdə, yuxarı dairədə çalışan dost-tanışlarıyla məsləhətlər aparıb nəzərində tutduğu bu işi yoluna qoymağa çalışırdı.

Bir müddət də beləcə gəlib keçdi. Bir gün axşamçağı Sevdagil yaşayan evin darvazası döyüldü. Gələn Camalov idi. O qapının ağzında dayanıb gülümsəyirdi. Onun bu hərəkəti hamının təəccübünə səbəb oldugundan:

- Fərhad qardaş, qapıda niyə durmusunuz, öz evinizdir, keçin içəri, - deyə Sevda mehribanlıqla dilləndi.

- Tək deyiləm, yanımda bir qonağım da var, icazə versəydiniz, o da buyurardı içəri, - deyə Camalov gülə-gülə dönüb geriyə baxdı.

- Bu nə sözdür, o da buyursun, - deyə Sevda bir-iki addım darvazaya tərəf irəlilədi.

Camalov küçədə dayanmış adamım qolundan yapışıb, onu özündən qabaq həyətə salıb dedi:

- Gəl, gəl keç içəri. Ev yiyəsi evinə qonaqdan qabaq keçər.

Sevda, öskürə-öskürə qapıdan içəri keçən arıq adamı güclə tanıdı. O, bir-iki addım qapıya tərəf irəlilədi, sonra nə fikirləşdisə yerindəcə dayanıb hıçqıra-hıçqıra:

- Uşaqlar… atanız…

Uşaqlar irəli atılıb atalarının boynuna sarıldılar.

Alti illik həbsxana həyatı Salehi tanınmaz hala salmışdı. O, ağır vərəm xəstəliyinə yoluxmuşdu. Son nəfəsində balalarına, həyat yoldaşına qovuşduğu üçün sevinirdi.

Sevda isə, yerindəcə donub qalaraq, göz yaşları içərisində boğulurdu…

Bir 1 nəfər şəkili ola bilər