Ələddin Əzimli - QARALTI

Ədəbiyyat 21:27 / 13.11.2025 Baxış sayı: 826

 

"Sözlərdəki sən"dən

Çəmənlərin yaraşığı, bəzəyi

gül-çiçəklər əl-ələdir, baş-başa.

Hər yanımız gözəl lövhə,

tamaşadır-tamaşa.

Bu dərədən axan çaya nə deyim?

Nəfəsimi

qışda sazaq,

yayda isti kəsirsə,

o günlərin ağrısından

ruhum, qəlbım əsirsə,

ötən günə, gələn aya nə deyim?

Kəsilibdir

köçən quşun harayı,

vaxt ötür ağır-ağır.

Bəs o kimdir,

məni elə çağırır?

O çağrışa, o haraya nə deyim?

Ürək yorğun,

gecə uzun,

gün gödək.

Boylanıram yollara

nə vaxtdır titrək-titrək.

O görünən qaraltıya nə deyim?!...