ƏKLİLLƏR DÜZƏLDİN VERGÜLLƏRİMDƏN - Idris Babayev

Ədəbiyyat 11:30 / 08.03.2026 Baxış sayı: 498

 

Nidalarla qazın qəbrimi mənim,

Qamətlər əyilib dönsün suala.

Əklillər düzəldin vergüllərimdən,

Nöqtələr ağlasın, qoy bala- bala.

Təlqeyin əvəzi oxusun molla,

Anama yazdığım şeirin bir bəndin.

Ağlasın halıma şəhər yox, dostlar,

Yiyəsiz qoyduğum o doğma kəndim.

Narahat olmayın siz məndən ötrü,

Cavabım hazırdır inkir- münkərə.

Dinim islam olub, imamım Əli,

İman gətirmişəm mən Peyğəmbərə.

Kitabım qurandır, məzhəbin şiə,

Pirim Kərbəladır, qibləmsə Kəbə.

Yer verin deyərəm sadə və rahat,

Təklif eyləməyin mənə dəbdəbə.

Ruhum rahat olsun Allah yanında,

Əməl dəftərimi tutum sağ əldə.

Bu fani dünyada çəkdiyim dərdi,

Bəlkə o dünyada torpaq sağalda.

08.03.2026