Ehtiram Ilhamdan İKİ QOŞMA

Gündəm 10:44 / 22.11.2024 Baxış sayı: 563

****

Sevən ağrı-acısını

Alır bəxtəvər-bəxtəvər.

Sevincini dərdləriylə

Bölür bəxtəvər-bəxtəvər.

 

Şeydi, nədi... onun adı?

Yoxdu damağında dadı.

Tanıyır doğmanı, yadı...

Gülür bəxtəvər-bəxtəvər.

 

Gedib, baxıb, gəzib, gəlib,

Varıb, sevib, duyub, bilib.

Yazıq-yazıq ömür sürüb,

Ölür bəxtəvər-bəxtəvər.

 

Ehtiram İlham bə hanı?

İçməsə, durulmaz qanı.

Qara sevdasına canı

Verir bəxtəvər-bəxtəvər.

20.11.24.

SEVDALIM

Gözlərim gözünün qadasın alsın,

Sən harda varsansa, varam, sevdalım.

Hansı əzablarda adını tutub,

Yenə sızlayacaq yaram, sevdalım.

 

Mey elə şirindi, kim nə içəcək?

Haqqınmı dərgahı nahaq secəçək?..

Yolun hansı dağdan varıb keçəcək

Mən o zirvəndə də qaram, sevdalım.

 

Gördünmü kim niyə hayanda dindi?

Ötən zamanlarda... və yenə indi.

Hardan biləsən bu Ehtiram kimdi?

Görmədi ömründə haram, sevdalım.

20.11.24