Coşqun XƏLİLOĞLU : - Ş A H M A R I N
Azərbaycanın görkəmli şairi Şahmar Əkbərzadənin əziz xatirəsinə ithaf edirəm.
Zərif idi, incə idi,
Təp-təzə, tər qönçə idi,
Qızıl idi, külçə idi,
Şip-şirin sözü, Şahmarın.
İnsan idi- ləyaqətli,
Türk oğluydu, cəsarətli,
Dostlarına sədaqətli,
Qardaşdı, özü Şahmarın.
Əziz sözü- Azərbaycan,
Hər şeiri- min həyəcan,
Yaşayacaq hər bir zaman,
İtməyən izi, Şahmarın.
Möhtəşəm zirvədir yeri,
Ürəklərdə yaşar şeiri,
Bizi ovsunlayb sehri,
Doğmadır üzü, Şahmarın.
Çox sevirdi Şəhriyarı,
Qardaş bildi Bəxtiyarı,
Şeir idi, dostu, yarı,
Bükülməz dizi, Şahmarın.
Həyat özü, yalan nağıl,
Yağılıq eylədi yağı.
İtirəndə Qarabağı,
Gülmədi gözü, Şahmarın.
Kədər, sevinc qoşa düşdü,
İlləri sərt qışa düşdü.
Nadanlar da başa düşdü,
Öndədir yazı, Şahmarın.
Həyatı döndü dastana,
Yetişdi şöhrətə-şana,
Bu gün də sözü duyana
Çalınır sazı, Şahmarın.