Bəhram Bilaloğlu- Sənli xatirələr büstə çevrilir

Ədəbiyyat 20:46 / 20.11.2025 Baxış sayı: 4017

Sənli xatirələr büstə çevrilir,

Danışır heykəlin sən olmayanda.

Hələ deyirdin ki, unutmazsan ha,

Yaşanan anları mən olmayanda.

 

İzin yaddaşımda mamır bağlayıb,

“Dost” deyən balıqlar gəliblər indi.

Sənsizlik ömrümə çökən anından

Mamıra möhtaclar ölüblər indi.

 

Bixəbər sanmasın dostların məni,

Halından xəbərdar olan biriyəm.

Ey həyat səhnəli, gözəl baxışlı,

Axı ölməmişəm, mən ki diriyəm.

 

Qoymaram toz qona ruhuna sənin,

Sənin rəflərindən ibrət almışam.

Yazdığın məktubun son vergülündən

Nöqtəyə uzanan bir xətt salmışam.