Bəhram Bilaloğlu- Hər gecəmin  duası...

YAZARLAR 10:46 / 16.11.2025 Baxış sayı: 907

 

Hər gecə yuxuya gedəndə bir duam olur: *“İlahi, sübh azanına oyanmağı bizə nəsib eylə.”* Bu, adi bir arzu deyil. Bu, insanın öz ruhunu Haqqa tapşırması, sabahına nur diləməsi, içindəki qaranlıqları sübhün işığına təslim etməsi deməkdir zənnimcə.

Amma bəzən həyatın içində elə itib-batırıq ki,dünyəvi işlər, gündəlik qayğılar, yorğunluq, düşüncələr — hamısı gecə yuxusunun içinə daş kimi düşür. O daşları qaldırıb səhərin nuruna çıxmaq bizim yolumuzu daha da çətinləşdirir. Bir neçə dəfə sübh azanına dura bilmədiyim günlər oldu. Elə bil ruhumun qapısını nə qədər döysə də, o müqəddəs səs mənə yetişməkdə çətinlik çəkdi.

Günlər keçdi. İçimdə bir boşluq, bir nigarançılıq var idi. Çünki insanın Allahla bağının ən həssas tellərindən biri sübh oyanışıdı — o bağ bircə gün boşalsa, sanki nəsə əksik qalır.

Və bir sabah…

Kiminsə məni yavaşca oyatdığını hiss etdim. Elə bil çiyinlərimə toxunan bir əl vardı. O toxunuşda nə səs var idi, nə də söz — amma varlığını bütün hüceyrələrimlə hiss etdim. Ayıldım.

Telefondan azan səsi gəlirdi. O səs sanki qaranlığın içindən açılan bir qapı idi. Ayağa qalxıb həyətə doğru addımladım. Elə həmin anda məsciddən azanın ikinci səsi eşidildi — sanki biri məni telefondan oyatdı, digəri isə məni yerimdən qaldırdı.

O an düşündüm:

O səhərin nuru mənə bir həqiqət idi. Mən Səni sevdiyimi, Sənə boyun əydiyimi bilirdim, İlahi. Amma Sənin məni sevdiyinin dərəcəsini anlamamışdım. Bu, sadəcə bir "oyanmaq" deyildi — bu, Sevdiyinin səni çağırması idi.

İnsanı həyata qaytaran şey gözlərin açılması deyil; qəlbin açılması olduğunu bir daha anladım.Mənim qəlbimi o sübh Sən açdın, İlahi.

O gündən bəri bir şeyi daha dərindən dərk etdim və şahidi oldum-

Allah bəndəsinə bir dəfə toxundu, bir dəfə onu oyatdısa, o bəndə artıq əvvəlki bəndə deyil.

Hər anımı, hər saniyəmi Sənə borcluyam. Sənin mərhəmətin olmasa, biz nə işığı görə bilərik, nə də qaranlığın içində yolumuzu tapan o kiçik çırağın dəyərini.

İnsan bəzən elə bilir ki, özü durur, özü gedir, özü seçir. Amma o sübh mənə göstərdin ki, insanın qəlbinə yol göstərən təkcə onun iradəsi deyil — Haqqın mərhəmətidir.

Sübhün o şəfəqi alnıma vuranda anlamışdım ki, Allahın səni oyatması, əslində, sənin ruhunu diriltməsi deməkdir.

Haqqın səsi ilə oyanan bəndə, gündüzün də, gecənin də mənasını daha yaxşı anlayır. Onun üçün həyat yalnız yaşamaq deyil; dərk etmək, sevmək, şükür etmək, vəfalı olmaqdır.

Və mən o gündən bəri hər sübh bir daha deyirəm:

*İlahi, Sənin sevgini hiss edən bəndə heç vaxt tənha qalmaz.*