AY Bəniz Əliyar -  Mənimçün o qədər darıxasan ki.

Ədəbiyyat 08:31 / 21.11.2025 Baxış sayı: 859

..

Darıxmaq, hardasa, od əvəzidir,

İçinə atarsan qəlbin qızınar.

Darıxmaq ilahi eşqin özüdür,

Darıxan dost gəzər, yoldaş qazanar.

 

Təsəlli tapırsan uzaqdan hələ,

Ortaq dostdan-yardan soraqlaşırsan.

Keçməyir ağlının ucundan belə,

Sən də yavaş-yavaş uzaqlaşırsan.

 

Adımın üstünə ətin ürpənər,

Qəlbinə de, məni yaxın qoymasın.

Dərdinin üstünə dərd edər pinə,

Bir də darıxasan? Tanrı qıymasın!

 

Şikayət edərsən Tanrıya məni,

Qürurun əl verib, imana gəlməz.

Bir gün bu darıxmaq öldürər səni,

Ölüm səbəbini bir kimsə bilməz.

***

Başqa ad qoyarlar bu darıxmağa,

Kimi heyrət edər, kimi lağ - lağa.

Hər cür darıxana xor baxa-baxa,

Mənimçün o qədər darıxasan ki...

 

Bəzən ağır gələr itirdiklərin,

Gözünə ağ gələr, dizinə irin.

Gələnlər tutmaz ki, gedənin yerin,

Mənimçün o qədər darıxasan ki...

 

Bəzən ən xoş anda, ən qəmli anda,

Bir qərib darıxmaq olar insanda.

O qəfil qonağa könlün susanda,

Mənimçün o qədər darıxasan ki...

 

Günlük ayrılığın həsrəti şirin,

Vaxt elə tez keçər olmaz xəbərin.

Üzünə güləndə xatirələrin,

Mənimçün o qədər darıxasan ki...