Aləmzər Sadıqqızının ŞEİRLƏRİ 

Ədəbiyyat 10:21 / 07.01.2026 Baxış sayı: 3822

Səni itirməyin bədəli ağır...

Sınaqdan sınağa çəkdin könlümü,

Gördün üzüm kimi ürəyim ağdı.

Son sınaq sonuncu imtahan oldu,

Ruhum ölüb artıq, ürəyim sağdı.

Səni itirməyin bədəli ağır,

Məni qazanmağın savabı qədər.

Təpədən dırnağa sözə yüklüyəm,

Sözdən qala tikdim mən sənə... hədər.

Kimə məzar oldum, kiməsə həyat,

Mən səni ucaltdım gözümdə dağ tək.

Mən sənə qıymazdım gözlərin dola,

Sən məni dəfn etdin beləcə sağkən...

Gözümü yollardan yığana qədər,

Ömrümün yoluna baltanı vurdun.

Mən sənə yuvamda yuva qurarkən,

Sən mənə min yalan, min hiylə qurdun.

Güldün gülüşünə bələndi ömrüm,

Gah da gözlərimdən yaşı ələdin.

Mən sənə nələrdən nələr elədim,

Sən eşqi başımın daşı elədin!

7.1.2025.

Səni sevdiyim günü...

Gərək qalaydın belə,

Mənim bildiyim kimi.

Məsələn mən öləydim,

Səni sevdiyim günü...

Gözümdən itməyəydi,

Səni qoyduğum yerin.

Belə ağrıtmayaydı...

Yoxluğun dərin-dərin.

Heç ağlımdan çıxmırsan,

Səni alqışlayıram!

Nə əhv edə bilirəm,

Nə də bağışlayıram...

Sən demə hamı yalan,

İnanan bir mənmişəm.

Yenə yuxu görmüşəm,

Yenə sənsizləmisəm...

Gündə yüz yol özümü.

Danlayıram, dururam.

Öz əlimlə könlümü,

Öz başıma vururam.

Yəqin belə olurmuş,

Ömrün, günün sonunda...

Sənmişsən can alanım,

Əzrayılın donunda...

7.1.2025.

Qurban olaydın gərək...

Bəlkə üzün qalmayıb,

Ya da ümidin itib.

Bundan sonra anla ki,

Sevmək limitin bitib.

Əlinə bir güzgü al,

Doyunca bax özünə.

Keçən günə gün çatmaz...

Gələcəksən sözümə.

Sən təam hazırlama,

Hər gələnə, gedənə.

Gərək şükr edəydin yar,

Son gündə su verənə...

Allahın yazısını ,

Pozana bax pozana...

Əlini qoy könlünə,

Yazana bax yazana.

Sən elə zalımsan ki,

Sənə sevilmək düşmür.

Bil ki, belə mocüzə,

Min ildə bir yetişmir!

Aləm kimi dünyanın,

Aləm adlı qızına...

Qurban olaydın gərək,

Qışda gələn yazına!

7.1.2025.

Dözəcəksən...

Bir də səni Allahdan,

İstəmərəm... bunu bil.

Tanrım özü istəyib,

Deyib bax, gözünü sil!

Bu da sənə sübutum,

Məni kim necə sevir.

Al bütün anıları,

Başına da duz çevir.

Gəldik nəzərə , gözə,

Görən gözün varsa da.

Görsən bilərdin axı,

Bu qız sənə yardısa...

İndən belə çıraq al,

Bu dünyanı dolan gəz!

Əgər məndən taparsan,

Hər sözümdə yalan gəz!

Hanı ilk və son idim,

Yoxdu özgəsi məndən.

Hamı bir yana idi,

Guya məni sevəndən.

Məndən sonra aləmi,

Hələ çox gəzəcəksən!

Bu Aləmsiz dünyada,

Nələrə dözəcəksən!

7.1.2025.