İslam TÜRKAY- PAYIZ DUYĞULARI
Qəriblik bürüyüb cığırı,izi,
Köçübdü ,göllərin sonası yoxdu.
Bağların saralıb, solub bənizi,
Elə bil mənimtək anası yoxdu.
Tutulub göylərin qaşı-qabağı,
Əlləri qoynunda qalıbdı dağlar.
Meşənin çaylara yağan yarpağı,
Həsrət məktubudur,oxuyan ağlar.
Ağaclar—göylərə haykıran əllər,
Meşələr viranə şəhərdi,Allah!
Qayalar dibində titrəşən güllər--
Qarıyan qizlardı, qəhərdi,Allah!
Tək ağac anam mı,həsrət qarı mı?--
Qəbirdən boy verən sədadı , bəlkə...
Tökülən yarpaqlar göz yaşları mı?,
Göz yaşı içində adadı ,bəlkə...
Hava nəmişkəndi, cığır—sürüşkən ,
Palıdlar odlara qalanıb gedir.
Səhərlər döşləri çulğalayan çən
Baharin ruhudu , dolanıb gedir...
Ağarır dağların silsilə tağı,
Qayalar dayanıb dəyanət kimi.
Göy tala -- baharın itən yaylığı,
Duman ütü çəkir, əmanət kimi...
Çaylar yavaşıyıb, sular durulub,
Ayrılıq nəğməsi çalır bulaqlar.
Elə bil vaxt susub, zaman yorulub ,
Elə bil çağırır məni uzaqlar...
Elə bil çağırır məni uzaqlar...