Şakir Xanhüseyn - hər şeyin üzündən yalqızlıq yağır...
***
hər şeyin üzündən yalqızlıq yağır,
ağacların da.
yollardakı insan tünlüyünə də
yalqızlıq hakim.
yalqızlıq şütüyür küçələr boyu
sürətlə, dolu-dolu.
gecələr
seyrinə daldığım ulduzlar da tək,
elə kövrək,
yalqız görünür ki...
yalqızlıq yağır yağışlardan,
küləkdən yalqızlıq əsir,
işıq əvəzinə
günəş elə bil
yalqızlıq ələyir, bax, yer üzünə.
sular yalqızlığını
götürüb gedir, hə,
axır bilinməzliyə.
baxır evlər bir-birinə
eləcə yalqız-yalqız
və bu yalqızlığı
sanki mən hiss edir, duyuram yalnız...