Adilə Nəzər - MƏN
Mən – baxışları ənginliklərdə itən adam,
dayanacağı bilinməyən qürbət qatarı.
Mən – səhrasına həsrət qalan dərya misalı
bir Leyli timsalı.
Mən – yol ortasında çaş-baş qalmış
əli əsalı.
Mən – yana-yana yazılmış, vergüllərlə dolu,
sual işarələrində boğulan anlamsız üç-beş sətir...
ya da sonu üç nöqtə ilə bitən hekayət,
yağışa susayan cadar-cadar torpaq.
Mən – keçmiş, dünən, bayağam,
bu dünyanın həsrət adlı mənzilində qonağam.
Mən – sinəsini gün döyən ümman içrə bir ada,
mən – əvvəlin axırına köç edən bir piyada.