Əşrəf Veysəlli - ÖMRÜMÜZ
Qocalıqla əyləşibdi üz-üzə,
Cavanlıqla sağollaşan ömrümüz.
Dönməkdədir bir tufansız dənizə
Ahıllaşan, ağırlaşan ömrümüz.
Ömrün gözəl anlarını arzular,
Arzuların nübarını arzular.
Payız günü baharını arzular
Zimistana yaxınlaşan ömrümüz.
İsindikcə qəlbimizin odunda,
Xəyalımız göyün yeddi qatında…
Qalacaqmı nəvələrin yadında
Şəkərləşən, noğullaşan ömrümüz?!
Günlərimiz dağdan aşan köç oldu,
Çox arzuya qovuşmadıq…
Gec oldu.
Oğul balam, harda qaldı, necoldu
Ərənləşən, oğullaşan ömrümüz.
Dünya ki var- boşalandı, dolandı
Məhəbbətdən qeyri hər şey yalandı.
Sevgi varsa, daş üstə də qalandı
Nəğmələşən, nağıllaşan ömrümüz.
1997- ci il.