Arzu Əsəd - Ağıllı, vicdanlı adamlar anlamalıdırlar ki,
Nə qədər çalışsaq, çabalasaq, didinsək də kütlə psixologiyası bu cəmiyyəti ciddiləşməyə, rasionallaşmağa qoymur.
Kütlənin qarşısına bir menopozlu müğənni, yazıçı, siyasətçi, l*qbtçi və sair atırlar və bu kütlə də sürü instinkti ilə millətin enerjisini bayağı mövzu və şəxsləri çeynəməyə yönəldir. Söyür, döyür, ətini gəmirir, həyəcanlanıb ekstaza gəlir , sonra bir sadomazoxist duyğu ilə onları sevir, əvvəl öz başına, sonra da millətin başına çıxarır. Ciddi, ağıllı adamlar cırtdanların nənələrinin tövsiyəsi ilə xəlbirdə su daşıtdırdıqları divlərə bənzəyirlər. Sanki nə deməklərinin heç bir fərqi yoxdur.
Beyinlər və ürəklər xəlbirə dönüb, daha onlar ağıllı, məntiqli nə varsa hamısını dolmamış boşaldırlar. Bu lənətə gəlmiş kütlə bütün tarix boyu bu millətin ağıllı, vicdanlı, ciddi şəxsiyyətlərini bayağı, alçaq, yüngül törəmələrinə uduzdurub, bu milləti normal cəmiyyət qurmağa qoymayıb. Ona görə ağıllı, isetedadlı adamlarımız ya inzivaya çəkilmiş, ya özlərini məcnunluğa vurmuş ya da təsəllini araq şüşəsinin dibində axtara-axtara ömürlərini sonlandırmışlar.
Heç təsadüfi deyil ki, poeziyamızın ən parlaq qəhrəmanı Məcnun, nəsr və dramaturgiyamızınkı isə Kefli İskəndərdir.
Ya hər gün millətin, dövlətin həyatına, taleyinə aid olmayan bu qondarma gündəm və qəhrəmanlara baxıb dəli olmayasan, sərxoş olmayasan, nə edəsən? Amma bütün hallarda çıxış yolu inzivada, dəlilikdə, keflənməkdə - passivlikdə deyil. Qarşı dayanmaq, müavimət göstərmək, geri püskürtmək və alınan mənəvi-intellektual mövqeləri geri qaytarmaq lazımdır. Kütlə millətə alternativ, yaxud onun bir hissəsi deyil, müəyyən şəraitlərdə bir başqa hala çevrilməsidir.
Ağıl artıq ona biçilmiş abırın içində fəaliyyətsiz qalmamalıdır. Bu millətin ağıllı, vicdanlı adamlarını məhz onların abırı, həyası ilə aldadıb fəaliyyətsizləşdiriblər. Kütlənin və onun bayağı qəhrəmanlarının silahlarını onların özlərinə çevirmək lazımdır. Abırsızın, həyasızın qarşısında daha abırsız və həyasız görünməli, ağılsızın və vicdansızın qarşısından geri durmamalı. Bu günkü informasiya dövründə sənə qarşı deyiilən ən çirkin söz, iftira belə çox az müddətdə unudulacaq. Ondan qətiyyən çəkinməməli. Tamamilə əmin olmalı ki, bu cəmiyyət sənə mövqeni ağlına, hünərinə görə verməyəcək, sən onu mübarizənə görə alacaqsan.
Ağıllı, vicdanlı adamlar anlamalıdırlar ki, cəmiyyətdə hamının hamıya qarşı mübarizəsi getdiyi bir dövrdə passiv şəkildə mənəviyyatın yüksəkliyindən durub ironiya ilə kütlənin yaratdığı qəhrəmanların hoqqabazlıqlarını izləmək gələcəkdə mövqeləri həmin yarımağıl hoqqabazlara vermək deməkdir.