Aləmzər Sadıqqızının ŞEİRLƏRİ

Ədəbiyyat 12:05 / 17.11.2025 Baxış sayı: 1184

Yenə gözlərindən şeir tökülür

Ay üzü baharlı, könlü qış qadın...

Hərdən bax güzgüyə bir lal baxışla,

Niyə gülmədiyin bir soruş, qadın...

 

Səni ki, bu qədər yedi dərdlərin,

Yayda da üşüdü yazıq əllərin,

Bu qədər gül əkdin, özün gülmədin...

Sən də gül...güllərə bir qarış, qadın.

 

Günəşin gizlənsə bulud köçündə,

Ən gözəl günəşi yarat içində,

Payız yağmurunda, qışın içində,

Bir çınqı od yarat, yan, alış , qadın!

 

Axı kim dəyibdi belə xətrinə,

Heç vaxt bürünmədin sevinc ətrinə,

Allahın xətrinə, ömrün xətrinə,

Bir azca dünyayla gəl barış, qadın!

 

Bir qadın ağlayır üzü payıza...

 

Dəfn edib analı sevinclərini,

Əlləri qoynunda boynu bükülür.

Bir ata məzarı qalıb uzaqda,

Bir dəli həsrətin qoynu sökülür.

Bir qadın ağlayır üzü payıza....

 

Baxışı dağılır küçə bə küçə,

İçində hıçqırır gör neçə məzar...

Bir qərib məzara çökür diz üstə,

Özünə dip-diri bir məzar qazır.

Bir qadın ağlayır üzü payıza...

 

Payız dərdlərini payız gözləri,

Payız buludu tək tökür torpağa.

Bir ana məzarı yüz yerdən damır

Nanə tək titrəyir dönür yarpağa.

Bir qadın ağlayır üzü payıza...

 

Bilməz kimə desin, kimə tapşırsın,

Hər yerdən kədərli baxışlar yağır.

Ovutmaz hıçqıran dərdli könlünü

Yağdıqca gözündən yağışlar yağır.

Bir qadın ağlayır üzü payıza...

 

Aləmdi, ömrü də məzar kimidi...

Köçübdü gör neçə qaranlığına.

Döşəyi əzabdan, yorğanı dərddən,

Bürünüb hər gecə tənhalığına,

Bir qadın ağlayır üzü payıza...

           ***

 

Göylərlərin altında , yerin üstündə,

Hər gecə hönkürən bir qadın ölür...

Səhərlər dip-diri açır gözünü,

Ömrünü min dərdə, qayğıya bölür.

 

Yıxılıb dünyası başdan -binadan,

Hər isti kəlmədən üşüyən qadın...

Aləmin dərdini içinə yığıb,

İçində aləmi düşünən qadın...

 

Mələk ürəyindən dar ağacına

Hər gecə yüz dəfə yolunu azar...

Barmağı ucunda yeriyər ömrə,

Ürəyi üstündə nağıllar yazar...

 

Dərdini , odunu bilən tapılmaz,

Hər axşam içindən qaralan qadın...

Günəşi unudan , ayı itirən,

Payızın yerinə saralan qadın...

 

Qarışıb içində fəsillər, illər,

Yayda da qar yağar arzularına...

Hərdən durnalara qoşulub geder,

Gedər on yaşının nağıllarına...

 

Nə nağıl tükənər, nə ömür bitər,

Bir tikə ümidə şükr edən qadın...

Min ildir yolları tənha yüyürən,

Min ildir bir qarış yol gedən qadın.

13.3.2019.

 

Anılardan.

Son şeir kimi.

Daha nə ümid var, nə də bir güman,

Nə də gücüm qalıb yaşayam ömrü.

Yoruldum, əlimdən salıram daha,

Ruhum da qalmayıb daşıyam ömrü.

 

Ayağım altına qoydum dünyanı,

Allaha göndərdim ipin ucunu.

Gedib soruşacam yaradanımdan,

Görüm bağışlamır hansı suçumu?

 

Bu kövrək, bu yazıq ,incə ürəyi,

Nə qədər aldadım nə qədər axı?

Bir aləm vermişdi guya ki mənə,

Ömrümü çürütdüm hey hədər axı...

 

Daha gözlərimi yoran deyiləm,

Qoy ömrüm asılsın boyun yerinə.

Alıb üreyimi çıxıb gedirəm,

Alın bir ürəksiz qoyun yerimə.

 

Kimsə qınamasın, kimsə gülməsin,

mən özüm bilirəm cənnət hardadır.

Sizdən gözəl bilir Allahın özü,

Çarəsiz bəndəsi necə dardadır.

 

Qoy belə dünyanı yeyən adamlar,

Bir az baş qaldırıb öysün dünyanı.

Bu acgöz adamlar , dəmir adamlar,

Bir az dizin döysün, söysün dünyanı.

 

Aləməm əlimdə bir ağ bayrağım,

Yenildim ömrümüm ağrılarına.

Tanrım əllərimdən bərk-bərk saxla ki,

qırılıb düşməyim ayaqlarına...

2016.

 

 

***

Bu necə darıxmaq, bu necə yanmaq,

Bilmirəm hayannan atım özümü.

Min yerə bölünən, sınan ruhumun...

Bəxtəvər anınnan asım özümü...

 

Bir az könlün alım, bir az dərdini...

Qışdan diri çıxan bu yaz dərdini...

Həmişə ağrıyan nasaz dərdini...

Ovudum, oxşayım, tapım özümü.

 

Bir saz havasında heyratı deyim...

Ölüb yaşadığım həyatı deyim...

Özüm layla çalım, bayatı deyim...

Alıb öz könlümə yatım özümü.

 

Çıxım yuxularda çıxım, dağlara...

Dönüb bulaqlara axım dağlara...

Bir ağ duman olub baxım dağlara...

Dağların ətrinə qatım özümü.

 

Aləməm ürəyim yanır əzəldən...

Sevən ürəyini danır əzəldən...

Dünyanı fani tək sanır əzəldən...

Gedim bir məzara satım özümü.

 

 

Sevgi şairi tək köçər dünyadan....

 

Anadan doğulub sanki, qəm üste,

Gözləri yağışa bənd olan qızın.

Atalı qızlara həsəd aparan,

Gənc ikən həyatı solan bu qızın.

 

Bircə an gözləri gülə bilmədi,

Yağışdan yağmura köçən gəlinin.

Əyninə geydiyi bəyazlarını,

Özünə kəfən tək biçən gəlinin.

 

Nələri yaşadı, nələri gördü,

Ayrılıq yükləri daşıyan qadın.

Sevgi şairi tək köçər dünyadan,

Ömrünü sevgisiz yaşayan qadın.

2.2.2025.

 

 

Sən gedəli...

Sən gedəli bilirsənmi nə oldu?

Başımıza yağış döydü, qar yağdı...

Sən tikdiyin o ev var ha uçuldu,

Xatirələr hər tərəfə dağıldı...

 

Qələm yazmır başımıza gələni,

Yazıq anam nələr çəkdi nə gördü...

Bir tərəfdən beş balanı böyütdü,

Bir tərəfdən qeyrətini qorudu...

 

Ac da olsa toxam dedi həmişə,

Son tikəsin bizim üçün ayırdı.

Gün çıxmadan yatağından oyandı,

Axşamacan min əzaba boyandı...

 

Qız köçürdü, gəlin gətdi ağladı,

Sən yox idin göz yaşını siləsən...

Səhərəcən yatağında qıvrıldı,

Olmadın ki, dərd-sərini biləsən...

 

Bir gün gəldi köç elədi yanına,

Gah ağladım, gah sevindim öləndə...

Sən gedəndə otuzunda oğlandın,

Anam yazıq qocalmışdı gələndə...

 

Heç tutdunmu o qocalmış əlindən?

Heç öpdünmü qırış -qırış alnından?

Günəş elə yandırmışdı bənizin...

Tanıdınmı sən aldığın şalından?

 

Körpə ikən şeir-seir boyüyən,

Aləm sözlə qəbir qazır- dedimi...

Gizlətdimi mən çəkəni əzəldən...

dərd əlindən şeir yazır- dedimi?

4.4.2025