Aləmzər Sadıqqızı - Həm ağlayıb həm gülürük nəyi var...

Ədəbiyyat 09:22 / 08.01.2026 Baxış sayı: 4351

 

Qəribə bir zəmanəyə gəlmişik,

Nə qocası, nə cavanı bilinmir.

Hərə bir cür doğruluqdan danışır,

Nə günahı, nə savabı bilinmir.

Həm ağlayıb həm gülürük nəyi var,

Aç yatırıq tox yatırıq kim bilir...

Mələkləri, şeytanları qarışıb,

Yadı satır, dostu satır kim bilir.

Bicliklərin, hiylələrin əlindən,

Doğrulardan,

təmizlərdən əl üzdük.

Qeyrətsizi lap yuxarı başlara,

Mərdini də ipdən asıb üzüldük.

Mələk kimi qızları var yurdumun,

Ev çörəyi, ər çörəyi tapammır.

Yeddi kişi kölgəsində yatanın,

Sərvətinə, şöhrətinə catammır.

At oynadır, namusunu satanlar,

Abırlılar namusuna qısılır...

Tir görünmür varlıların gözündə

Kasıbların hər addımı pusulur.

"Gül balalar" İran, Dubay gəzirlər,

Qazilərin qorxuları silinmir.

Şəhidləri məzarda da döyüşür,

Yadigarı, əmanəti bilinmir.

Öz adının mənasını qanmayan,

Hey şəllənir damağı çağ, günü ağ.

Alimləri saxta alim əlindən,

Nə iş tapır, nə bir çörək nə də yağ...

Belə- belə işləri var dunyanın...

Qiyməti var zəmanədə dayazın.

Pulun varsa yuxarıda yerin var,

Paran yoxsa, sən qulusan qanmazın!

8.1.2025.