Aida Adıgözəl- Payızdır...
Payızdır,
ayrılıq,
vida vaxtıdır,
demə ki yarpaqdır,
candan can qopur.
Sən hardan biləsən,
sarı donlu qız,
dözməyib
payızın buz soyuğuna
inciyib,
özünü ağacdan atır.
*********
Üzülməyən ümidlər
İstər ümidləri əllərimdən al,
dünyanın qapısın
üzümə bağla.
Mən bir yer tapacam
sənin çiynində,
deyəsən, - başın qoy,
doyunca ağla.
Mənim ümidlərim qurdla qiyamət,
mən səni sevmədim
kiçik savaşa.
Hər yoldan keçənə
qurban eyləyim,
hər əyri baxana
gözəl tamaşa.
Bax, hələ payızdır, əkilir ümid,
yazı gözləyirəm
yaşıl yarpaqlı.
Mən səbir daşıyam,
gözləyəcəyəm,
sızacam yenə də
könlünə sarı.