Aida Adıgözəl -Giley
Yazıq oldu gözlərimə bu dəfə,
həsrət qaldı gözlərinə heyif ki.
Bir qucaq inciklik, bir qucaq giley,
aparıram ürəyimdə, deyim ki.
Görüşmədi əllərimiz bu dəfə,
oxşamağa saçlarına meyilli.
Barmaqlarım ciblərimdə gizləndi,
qəzəbini yumruqlarda düyümlü.
Qulağında yad musiqi, yad səslər,
son yazdığım şeirləri duymadı.
Acığımı indi kimə töküm ki,
çox sevdiyim biri məni saymadı.
Cəza verdim qollarıma biləsən,
sarılmadı deyə adı "günahkar."
Hələ dodaqlarım öpüşə həsrət,
qaldı deyə adın qoydum "tamahkar."
Görüşmədi əllərimiz bu dəfə,
görüşmədi, görüşmədi heyif ki.
Danışmıram ürəyimlə, küsmüşəm,
səni ondan necə, necə silim ki?