Ağamir Cavad :- DAŞIN ALTDA

Ədəbiyyat 17:00 / 16.08.2025 Baxış sayı: 2053

 

Zaman ömrü çalıb-çapar,

Dünya daşdır başın altda.

Unudulub çox yazılar,

Qalıb daş yaddaşın altda.

 

Bəxt atına olub süvar,

Qismətini atıb-tutar.

Bir ömürlük məsafə var

Gözün üstə, qaşın altda.

 

Hay verməsən, ün ölübdür,

İman yoxsa, din ölübdür.

Gör nə qədər gün ölübdür

Yaşadığın yaşın altda.

 

Məhəbbətdir ən ali din,

Ürəyində tutubdur bin.

Tükənməyən həyat eşqin

Nəğmə doğur döşün altda.

Hər nəfəs bir ocaq çatır,

Kim haqq alır, kim haqq satır.

Axtardığın min sirr yatır

Gördüyün hər daşın altda.