Adilə Nəzər : - SEVDALANMAQ BİR BAŞQA ŞƏHƏRƏ...

10:15 / 17.03.2025 Baxış sayı: 411

 

 

Heç keçdimi qəlbindən

sevdalanmaq

bir başqa şəhərə,

bir başqa dənizə?

Xəzərdən başqa bir sevgilinin

ləpələrində uyumaq istədinmi?

Dalğalanmaq istədinmi

bir başqa tərəfin küləklərində?

Qarışdımı fikirlərin

İçərişəhərin dolanbac küçələri kimi?

Dayanan vaxtı oldumu ağlının

yollarındakı tıxaclar kimi?

Qaxaclar kimi…

quru və boş qaldımı əllərin

bu neft səltənətində

tindəki qocanın əlləri kimi?

O qədər rəvayət, hekayət danışdılar ki,

başından keçən…

Bəs sən?

başından keçdiklərini

xatırlaya bilirsənmi, Bakı?!

Yox, yox, bunlar ağır söhbətlərdir...

Danışma...

sənə sevdalananları mən tanıyıram...

sevdalandığın oldusa, ondan danış…

Heç keçdimi qəlbindən

sevdalanmaq

bir başqa şəhərə,

bir başqa dənizə?

Məsələn, İrəvana, Dərbəndə, Təbrizə?...