Adilə Nəzər : - GÖYGÖLÜM
Uyuyursan min naz ilə,
Tazə ərussan, Göygölüm.
Dindirirəm yüz söz ilə,
Dinmirsən, sussan, Göygölüm.
Müqəddəs yer sənə məskən,
Maral Göl keşiyin çəkən..
Bu qədər səfan var ikən,
Niyə məyussan, Göygölüm?!
Kim ruhunu zəhərləyib,
Kim xeyirini şərləyib?
Bəlkə dağlar zəncirləyib,
Yoxsa məhbussan, Göygölüm?!
Gəldin neçə telli saza,
Könül verdin “qu”ya, qaza.
Əzəl gündən gözəl sözə,
Şeirə məxsussan, Göygölüm.
Yoxkən bir günahın, suçun,
Bulud-bulud keçər köçün.
Kəpəzi böldüyün üçün,
Məlul-məhzunsan, Göygölüm.
Sən də səndə xumarlanan,
Üzərinə şəfəq salan,
Neçə rəng verib, rəng alan
GÜNə məruzsan, Göygölüm.
17.08.2022