Adilə Nəzər- Boylanır
Bir arzu könlümdə yaman darıxır,
Boynumun həsrəti qoldan boylanır.
Ümidə bələnib hər yol, hər cığır,
Olmayan xəyallar "ol"dan boylanır.
Əhdimi, vəfamı sınandırmışam,
Hamını sevgiyə inandırmışam,
Bir eşqin uğruna şam yandırmışam,
Könül pərvanəsi soldan boylanır.
Qəlbindən keçəni de, mən də bilim,
Dinmək istəyirəm tutulur dilim,
Payız da tez gəlir - dəyişir iqlim,
Yay acı həsrətlə yoldan boylanır.
Nə bağda gül qalır, nə güldə ətir,
Ağaclar soyunur, kölgəsi itir,
Güllü yaylaqların nəşəsi bitir,
Bənövşə xəyalım koldan boylanır.
Hicran toxumunun barı nə olar?!
Gülşənsiz, çəmənsiz arı nə olar?!
Bilən bilir eşqin narı nə olar,
Qığılcım daima küldən boylanır.
Baxma dilimdəki giley-güzara,
Nə bilək bu yollar aparır hara,
Sevilsən sağalar ən dərin yara,
Sevginin açarı güldən boylanır.
Di, durma, qayıt gəl, burax təşvişi,
Sevməkdir dünyanın ən gözəl işi,
Qəlbimin əbədi kirayənişi,
Yaxın uzaq olan eldən boylanır.
13.09.2025