Adilə Nəzər - Bir dən salar dimdiyindən bir quş torpağa
Bir dən salar dimdiyindən bir quş torpağa ,
Zaman keçər, o bir dəndən neçə dən çıxar.
Bahar gələr, şəfəq doğar bir gül yanağa,
Qaçar gülün dodaqları, üzü şən çıxar.
Payız gələr, yarpaq solar, əsər küləklər,
Köçən quşlar gedərayaq salar lələklər.
Yola gedə biləmmədim zalım fələklə
Bir od vurub, hələ tüstüm təpəmdən çıxar.
Bilirsənmi, nələr qalır xatiratımda,
Həsrət necə buz bağlayıb ürək odumda,
Mən çıxara bilməyirəm səni yadımdan,
Ara-axtar xatirəndən barı sən çıxar.
Əgər ölsə ümidlərim bir gün nə vaxtsa,
Təsəllim də bu olar ki, yaxşı ki yoxsan..
Ulduz olub göyüzündən bir axşam axsam..
Sevgidir bu - iki candan bir bədən çıxar.
Ehtiyacım olmayıb heç vaxt bir dayağa,
Büdrəyəndə özüm qalxıb durdum ayağa,
Tanrı verən mükafatdır, yığdım qalağa -
Hansı dərdi açarsan aç, ordan mən çıxar.