Bəhram Bilaloğlundan  ŞEİRLƏR

Ədəbiyyat 21:40 / 06.07.2024 Baxış sayı: 3006

Ovcumda sıxdığım məktub sənədi,

Ürək sözlərimi yazmışam, ey dil.

Pıçıltı səslərim qarışıb aha,

Kövrək sözlərimi yazmışam,ey dil.

 

Haqqa susduğunu eşitməmişəm,

Sözün tərkibində,hikkə vurmusan.

Almısan yanına fəqir,məzlumu,

Qəlbində elə bil, məkkə qurmusan.

 

Naxələf,nankorun yanından keçib,

Haqqı dostun sanıb, onla qalmısan.

Nə qədər keçsə də, üstündən zaman,

Halı dəyişməyən, donla qalmısan.

 

Gah nala,gah mıxa vurmamısan heç,

Belə tanıyıblar, əzəldən səni.

Tanrı bəxş etdiyi ruhun səsisən,

İçiblər andını,kəsiblər qəmi.

 

****

Məni məndən qoparan-

Duyğulara məhkumam.

Səcdədən eşqə çatan-

Baxın,həmin məktubam.

 

Səmadadır bu ruhum-

Duam, qunut əldədir.

Möminlər anlayarlar-

Qunut hansı dildədir.

 

Oxumağa,yazmağa-

Nə çox mövzularım var.

Quran vurub təsdiqin-

Möhür avazlarım var.

 

Bəlkə də, anlamazsan-

Orda olan ayəni.

Əş- şüara qeyd edir-

Yazdığım hər qayəni.

 

***

Qırıq o qəlblərin içindən keçən,

Səssiz duyğuların kaman səsiyəm.

Dəyməyin səsimə,o səs mənimdir,

Allaha yönələn zaman səsiyəm.

 

Bəzən gecə olur gündüzlərim də,

Qarışır səsimə neylərin səsi.

Ərafat dağının sağ tərəfində-

Boy atır köksümə heydərin səsi.

 

Üzü eşq yolunda addımlayıram,

Çatıram murada,təqvadayam mən.

Ey məni oxuyan,məni dinləyən,

Çatmışam əhdimə,əqvadayam mən.

 

Bəhram Bilaloğlu