Əşrəf Veysəlli : - T Ə Z Ə D Ə N

Ədəbiyyat 09:11 / 05.07.2024 Baxış sayı: 1646

 

Heç gözüm su içmir bu gedişatdan,

Gəl səni gözümə təpim təzədən.

Ömrümün sökülmüş divarlarından

Bir sevgi məbədi yapım təzədən.

 

Yenə də sal məni bəndə,

kəməndə,-

Görüm ki, tanrının quluyam mən də.

Özümü itirim səni görəndə,

Ancaq səadəti tapım təzədən.

 

Həsrətin ömrümün yoxuşlarıdır,

Vəslin həyatımın naxışlarıdır.

Qızıl gül toxumu- baxışlarını

Arzu bağlarıma səpim təzədən.

 

Qurtarım bu eşqin intizarından,

İstəyim barınsın vüsal barından.

Taleyin qapanmş ovuclarından

Mən öz qismətimi qapım təzədən.

 

Yenə o gözlərin sehrini görüm,

Şerimin vəznini,bəhrini görüm.

Fərhada Şirinin mehrini görüm

Bisütun dağını çapım təzədən.

 

Sözüm bəhrələnsin dediklərindən,

Gözümə nur gəlsin gördüklərimdən.

Dan yeri sökülsün kirpiklərinlə,

Səhərə açılsın qapım təzədən

03,07-2019- cu il;