Faiq Balabəyli : - Niyə sevinclərin yaddaşı qısa?

Ədəbiyyat 08:14 / 06.07.2024 Baxış sayı: 2343

 

Nə qalıb bilmirəm, ömrün sonuna,

alın yazısıdı, oxumaq olmur.

Niyə sevinclərin yaddaşı qısa,

niyə bu kədərə ağlamaq olmur?

 

Yarı xoş keçirdik ömrü, yarı da

kədərin, zülümün, qəmin əlində.

Gəl, dönək, bu ömrü qoyaq yarıda

gözü yol çəkməsin çiçəklərin də.

 

Nə payız yaşadıq, nə qış, nə bahar,

isti yay günləri – cəhənnəm odu.

Dönüb arxamızca boylanıb baxar,

İnsanlar – qəlblər nisgillə dolu.

 

Hər şeyin əvvəli sondu eləcə

doğmadı hər kəsin sevinci, qəmi,

İnsanlar görünüb mələk donunda

yazar alnımıza gördüklərini.

 

Ömür də yarpaqtək tökülüb gedər,

durub qarşısında saxlamaq olmaz.

Bütün sevinclərin yaddaşı qısa,

Bütün kədərlərə ağlamaq olmaz.