Xanım İsmayılqızından İKİ ŞEİR

Ədəbiyyat 08:13 / 11.12.2025 Baxış sayı: 638

           ***

Ağ dumanın içində

Ağ atlı görünür hər gün.

Ağ atlı, ağ qanadlı...

Ağ libasda neçə vaxtdı

Əl edirəm Ağ atlıya...

Məni də gör.

Bax, sənintək

Bu ağaran saçımla,

Köhnə ağrım-acımla,

Səni salamlayıram.

Yaxamı da sökmüşəm,

Ayaqlarım da yalındı...

Bu, həmişəki halımdı...

Mənə də bax,

Məni də seç,

Məni də al tərkinə,

Ağ atlı.

Ağ libasın içində

Qarışım Ağ dumana...

        ***

 

Batan, saman çöpü axtarar,

Əlinə nə düşsə buraxmaz.

Boğulanın yaşamaq eşqi,

Yırtıcıdır, heç nəyə baxmaz.

 

Həyat ilə ölüm körpüsü,

Çox uzundu, məsafəsi az.

Bura yolu düşən adamın,

Saatı bol, dəqiqəsi az.

 

Bəlkə də o anda bilinir,

Sevinc ilə kədərin fərqi.

Ömrü ipdən asılan bilər,

Ayaq ilə əllərin fərqin.

 

Allahını tanımayan da,

Dua edər azadlıq üçün.

Ölümünün üzünü görən,

Axtaracaq Tanrının gücün.

 

Bu həyat bir möcüzə imiş,

Sən ölümü dadandan soruş.

Bir nəfəsin nə olduğunu,

Öz içində batandan soruş.

   2012