Kəmaləddin Qədim - ÖZÜMÜ ÖLMÜŞ BİLİRDİM

Ədəbiyyat 15:39 / 12.12.2025 Baxış sayı: 699

 

İçimə sığmıram daha,

daha dışıma çıxıram.

Huşumdan çıxıram, gedib

yenə huşuma çıxıram.

 

Nə var çəkirəm naz deyə,

Ömür az, zaman az deyə.

Dil-dil ötürəm yaz deyə,

gəlib qışıma çıxıram.

 

Çox bəxtiyeyin olmuşam,

Səmanın, göyün olmuşam.

Yaman ərköyün olmuşam

tez-tez başıma çıxıram.

 

Bu necə külmüş, bilirdim,

Başa tökülmüş, bilirdim.

Özümü ölmüş bilirdim,

hərdən qarşıma çıxıram...