Tahir  Rzayev , millət  vəkili  -" Lazım olan vaxtda sərhədlər açılacaq."

SİYASƏT 18:35 / 12.12.2025 Baxış sayı: 495

 

Azərbaycanda quru sərhədlərin açılması məsələsi uzun müddətdir cəmiyyətin gündəmindən düşmür. Zaman-zaman bu məsələ müzakirəyə çıxarılsa da, hələki bununla bağlı təsdiqlənmiş qərar yoxdur. Xatırladaq ki, 2020‑ci ildən etibarən tətbiq olunan xüsusi karantin rejimi çərçivəsində quru sərhədlər bağlıdır və bu müddət ən son yanvarın 1‑nə qədər uzadılıb, buna baxmayaraq sərhədlərin açılması ilə bağlı məsələlər yenidən gündəmə gəlir və gələcəkdə bəzi məhdud qaydalarla açılacağı ehtimalı müzakirə olunur. Bəs xüsusi karantin müddəti başa çatandan sonra quru sərhədlərinin açılma ehtimalı varmı?

Yenises.az  bildirir  ki, bununla  bağlı  millət  vəkili  Tahir Rzayev  vurğulayıb ki,, sərhədlərin açılması çox ciddi məsələdir:

"Bəziləri buna dar mövqedən yanaşır və dünyada gedən prosesləri dərindən təhlil etmir. Ancaq bu gün dünyada baş verən münaqişələr və müharibələr dövlətlərdə sərhədlərin ciddi şəkildə qorunmasını tələb edir. Bu baxımdan, Azərbaycan sərhədləri uğurla qorunur. Bu isə birbaşa milli təhlükəsizliyin təmin olunmasına, ölkə vətəndaşlarının rahat yaşamasına və təxribatların qarşısının alınmasına xidmət edir",- deyə qeyd edib.
 

T.Rzayev vurğulayıb ki, dövlətin strateji planları və vəzifələri mövcuddur və müvafiq orqanların həyata keçirdiyi tədbirlər bu sahədə qətiyyətli və ehtiyatlı olmağı tələb edir:

"Biz dünyada baş verən terror hadisələrinin müəyyən xoşagəlməz nəticələrini yaxşı görürük. Əlbəttə ki, bunların Azərbaycanda baş verməməsi üçün operativ tədbirlər görülməlidir. Bu məqsədlə sərhədlərin açılması hazırda məqsədəuyğun hesab edilmir".

Deputatın sözlərinə görə, dövlət turizmin inkişafını təmin etmək və ölkəyə giriş-çıxışı asanlaşdırmaq istəyir:

"Digər tərəfdən isə dünyada baş verən hadisələri də nəzərdən kənarda buraxmır. Ona görə də lazım olan vaxtda sərhədlər açılacaq və xarici ölkələrlə gediş-gəliş daha yüksək səviyyədə təşkil olunacaq",- deyə Tahir Rzayev əlavə edib.