Ay Bəniz Əliyardan İKİ ŞEİR
Xoşbəxtliyin şeiri
Bir evin küncünə atılıb qalmış,
Köhnəlmiş oyuncaq qutusu var haa,
Bir zaman həvəslə oynuna dalmış,
İndisə hər kəsi bezdirən daha,
Bax, həmin oyuncaq qutususan sən,
Kimi bezdirmisən yenə bilmədən?
Əvvəl yaşamadın dinclik, uşaqlıq,
Sonra da bu sözlər yudu beynini:
"Gəlinliklə getdin, kəfənliklə çıx".
Əgər gəlinliyi kəfənin kimi,
Geyinib getdinsə, bəs onda necə?
Bəlkə ömürdəndi ölmək hər gecə?
Saçının yolundan bir istək keçir,
Ovcunun içindən axır bir ömür.
Dünya doğrudanmı bir ovuciçi?
Zaman doğrudanmı səni gözləmir?
Gözündən od alıb həsrətin odu,
Bəs niyə bu qədər xoşbəxtsən, qadın?
Nəyə acıqdı bu, nəyə?
Bilmirsən.
Xoşbəxtsən bəs niyə, niyə?
Bilmirsən.
***
İnsafa gəlmədim, dinə gəlmədim,
Bəlkə, inanmırdım peşiman ollam.
Necə qazanmışdım səni, bilmədim,
İndi itirmişəm, yanıb- yaxıllam.
Özünü qərq etdi sükuta keçmiş,
Sanki vaxtdan kənar fırlanırıq biz.
Demə, xəbərsizəm, atəşkəs imiş,
Demə, dala qalıb müharibəmiz.
Sən də boynuna al, bilmirsən düzün,
Daha aramızda sərhədlər yanıb.
Əlimdəki silah döndərib üzün,
İndi sənə deyil, mənə tuşlanıb.
Nə qədər günah var, boynuma mindir,
İtirən mənəmsə, günahkar da mən.
Axtarsam, tapmaram, bilirəm indi,
Axtarsan, bəlkə sən tapa bilərsən.