Ədəbiyyat nəzəriyyəsinin bəzi  problemləri         

YAZARLAR 14:04 / 12.12.2025 Baxış sayı: 645

        

                                            (II məqalə)

     Qədim yunan filosofu Aristotel ”Poetika” kitabında ədəbiyyatı təqlidi sənət, yəni yamsılama sənəti adlandırır. Ədəbiyyat həyatı obrazlı şəkildə əks etdirən söz sənətidir,- deyirik. Bəs fantastik, yaxud gələcəkdən xəbər verən (Uçan xalçalar və s. nümunələr, zamanla doğrudan da reallaşan) əsərləri bu sıraya daxil edə bilmərikmi?! Bu əsərlərin də yüksək fəlsəfi estetik dəyəri danılmaz bir fakt kimi qarşımızdadır... Axı bunların bəziləri həyat, və ya başqa sözlə desək həyat hadisələri deyil. Lakin onu da qeyd etməliyik ki, ya gələcəkdə baş verəcək hadisələrdən xəbər verən, yəni olacaqlara işarətlər verən ya da yazıçı təxəyyülünün məhsulu olan yuxarıda qeyd etdiyimiz kimi, o fantastik əsərlər də ədəbiyyatın tərkib hissəsi olmaqla inkişafa, gələcəyə güclü təsir edən amillərdəndir... Ədəbiyyat haqda söylədiyimiz təriflərdə müəyyən düzəlişlər etməyimiz zəruri görünür, məsələn: El deyimində olduğu kimi, barmaqla sayıla bilən dərslik və ya deyək ki DİM-in buraxdığı vəsaitləri istisna etməklə əksəriyyət mənbələrdə sanki bu incəliklərin fərqində deyilmiş kimi ”davranılır” (yazılır). Ədəbiyyatın həyatı, hadisələri obrazlı şəkildə əks etdirməsi fikriilə yanaşı,- insan təxəyyülünün, arzularının, hisslərinin və s. obrazlı ifadəsidir,- kimi yazılması ümumi işimizin xeyrinə olardı.  3, 6, 9.

Böyük mütəfəkkir Nizami Gəncəvi deyirdi ki, Bir işi öyrənmək istədikdə sən, Çalış ki, hər şeyi kamil biləsən... Yəqin çoxumuz düşünmüşük ki, hər şeyi necə kamil bilmək olar?!. Tədricən anlaşılır ki, şair seçdiyin sahə ilə bağlı olan məsələləri (sahələri) nəzərdə tutaraq belə söyləmişdir. Yetər ki görəcəyin işi eşq ilə başlayıb, eşq ilə də tamamlayasan.  Dahi Məhəmməd Füzuli demiş: ”Eşq imiş hər nə var aləmdə, Elm bir qeylü-qal imiş ancaq”... Yəni qeylü-qallı, mübahisəli elmi də gərək sevə-sevə öyrənəsən və sevdirməyi də bacarasan ki, yetişməkdə olan nəsil də öyrənməyi məhəbbətlə, sevə-sevə öyrənsinlər... Bu gün müəllimlərimizin qarşısında duran əsas vəzifə şagirdlərimizdə elmə, biliyə həvəs yaratmaq, tədris edilən fənnin sosial mahiyyətini ən sadə, anlaşıqlı formada izah etmək, yaradıcılıq qabiliyyətlərini üzə çıxarıb və inkişaf etdirilməsinə, eyni zamanda  onlarda humanist dünyagörüşü formalaşdıraraq öz milli kimliyini dərk etməsinə və dəyərlərimizə  ehtiram göstərməklə əsil vətəndaş kimi yetişmələrinə nail olmaqdır. Ədəbiyyat nəzəriyyəsi ədəbiyyatın məzmununun tərkib hissəsi  sayıldığından, onun tədrisi prosesi də ədəbiyyat fənni, eləcə də digər fənlərdə də olduğu kimi inteqrasiyaya (fəndaxili, fənlərarası, fənn üstü), əməkdaşlığa, tənqidi və yaradıcı təfəkkürün inkişaf etdirilməsinə əsaslanmaqla, həm də fəal təlim metodlarının tətbiqi ilə daha da faydalı olur.  Hal-hazırda kurikulum üzrə ədəbiyyat dərslikərindən istifadə olunduğu üçün verilmiş ədəbi-bədii əsərlərin tədrisi zamanı bu metodların mahiyyətinin sadə izahı və ən inkişafetdirici ola biləcək tətbiqi yollarının  açıqlanması, hətta ən uğurlu nümunələrin vəsaitlərdə  əksini tapması  zəruri bir hal kimi qəbul olunmalıdır. Yuxarıda qeyd etdiyimiz kimi, hər hansı fənni (sahəni) dərindən bilmək üçün onun nəzəri məsələlərini öyrənmək çox vacib şərtlərdəndir.  Ali təhsil ocaqlarımızda Ədəbiyyat nəzəriyyəsi Ədəbiyyatşünaslığın digər bölmələri kimi (Ədəbiyyat  tarixi, Ədəbi tənqid)  ayrıca bir fənn (sahə) olaraq əhatəli tədris olunur. Orta məktəblərimizdə də bu fənnin ayrıca tədris olunması yetişməkdə olan nəslin nəzəri məsələləri dərindən qavramasına, mənəvi cəhətdən saflaşmasına və kamilləşməsinə, bununla da cəmiyyətimizin ümumu inkişafına, böyük töhfələr verərdi... İnsanşünaslıq elmi kimi qiymətləndirilən Ədəbiyyatşünaslığın hər üç sahəsi bütövlükdə, həqiqətən də insanın arzu və istəklərini, həyatını, yaşanılan zamanı, hadisələri, düşüncəsini, təfəkkürünü, intusiyasını, fantastik baxışlarını və s. öyrənməklə həm də klassik (nümunəvi deməkdir) ədəbiyyatımızın keçdiyi yolu işıqlandırır. Yazıçının qüdrətini dərk edib, dəyər vermək, eləcə də təqdim olunan əsərin ideyasını düzgün  anlamaq  üçün şagirdlərimiz Ədəbiyyat nəzəriyyəsinin proqramla əlaqəli zəruri olan qayda-qanunlarına mükəmməl yiyələnməlidirlər. 3,4, 5, 6, 7, 9.

Orta məktəblərimizdə nəzəri biliklərin öyrənilməsi haqlı olaraq iki mərhələdə V-IX və X-XI siniflər üzrə aparılır. Bəs bunun səbəbi nədir?! Yəqin əksər müəllimlərimiz proqrama daxil edilən dərslərin (materialların, bədii nümunələrin) həm sadədən mürəkkəbə doğru, yəni anlamada, qavramada problemlər yaratmadan seçildiyini, eləcə də şagirdlərimizin yaş xüsusiyyətlərinə uyğun mərhələlərlə verilməsinin necə zəruri olduğunu bilirlər. Təəssüf hissilə qeyd etməliyik ki, hələ də dərsliklərimizdə qeyd etdiyimiz neqativ hallara rast gəlinir və təbii ki, bu kimi nöqsanlar dərslik və vəsait müəlliflərinə (tərtibçilərə) çatdırılmalıdır.  Bədii əsərin təhlili üzrə bacarıqların formalaşdırılması üçün  ən əhəmiyyətli məsələ əsərin ideya-məzmun və janr xüsusiyyətlərini mərhələli olaraq qavramaq və ədəbi-nəzəri bilikləri inkişaf etdirməkdən ibarət olmalıdır. Şərq ədəbiyyatında Ədəbiyyat nəzəriyyəsinə hərdən “kilidi - ədəbiyyə” (ədəbiyyatın açarı) deyilir. Əslində bu söz qıfıl, cəftə, rəzə və s. mənasını ifadə edirsə də, bəzi dialektlərdə olduğu kimi, şərq ədəbiyyatında açar mənasında da işlədilir.   4, 5, 7.

Nəzəriyyə sahəsinə aid qazanılan  bilik və bacarqların formalaşmasında ədəbi  (həm Azərbaycan, həm də dünya ədəbiyyatı) nümunələrin əhəmiyyəti böyükdür.  (Bu nümunələrin və nəzəri görüşlərin bir-biri ilə qarşılıqlı surətdə inkişafda olduğunu bildiyimiz üçün bu fikri dəyərli oxucularımıza çatdırmağı da özümüzə borc hesab edirik) Dünya ədəbiyyatına, paralel olaraq, nəzəri biliklərinə inteqrasiya,  eyni zamanda  əksinə (milli nümunələrin və onların xüsusiyyətlərin inteqrasiyası) da söylədiyimiz bu məqamda yerinə düşür; şagirdlərin bu əsərləri özlərinin təfəkkür süzgəcindən keçirərək başa düşmələrinə, eləcə də onların cəmiyyətdə şəxsiyyət kimi formalaşaraq natiqlik,  ünsiyyət yaratma və s. qabiliyyətlərinin inkşafına  Ədəbiyyat nəzəriyyəsindən əldə etdikləri bilik və bacarıqların  olduqca böyük əhəmiyyəti vardır.  İstənilən ədəbi nümunənin nəzəriyyə məsələləri ilə üzvi surətdə bağlılığı mütləqdir. Belə ki, məzmun və forma vəhdətindən danışılarkən  məzmundan forma doğulduğu, eləcə də formanın öz növbəsində məzmuna təsiri qeyd olunur. Hətta sərbəst seir adlandırdığımız nümunələrdə belə, müəyyən ritm, ardıcıllıq, ahəngdarlıq gözlənildiyini müşahidə edirik. Hər bir əsərin ümumi qanunauyğunluqlar, ədəbi növ və janrlar, yaradıcılıq metodları, dil-üslub xüsusiyyətləri, quruluşu və s. baxımından oxşar və fərqli xüsusiyyətləri vardır.

       Yeri gəldiyi üçün onu da qeyd etməyi lazım bilirik ki, vəzn məsələlərindən danışılarkən əksər dərslik və vəsaitlərdə qarşılaşdığımız  ”Sərbəst vəzn” ifadəsi  işlədilməsini düzgün hesab etmirik. Sərbəstlik anlayışı ilə ritm eyniyyət təşkil etmədiyindən bu nümunələri Sərbəst şeir adlandırmalı  və mənbələrdə belə də yazılmalıdır.     1, 2, 4, 5, 7.

     Bədii ədəbiyyatla ilk tanışlıq ailədən başlanmaqla, uşaq bağçasında, orta məktəbdə, ali məktəbdə davam etdirilir və s. Ailədə qazanılan ilkin təsəvvürlər zaman-zaman genişlənir və inkişaf etdirilir.  Şagirdlərin daha çox biliklərə yiyələnmələrində əsərin ideya-məzmununun mənimsənilməsi, yazıçı sənətkarlığı,  hadisələrin obrazlı inikası, ədəbi qəhrəmanın səciyyəvi xüsusiyyətləri, dövrün ictimai-siyasi görüşləri, təbiət təsvirləri, hər sözün, detalın  əhəmiyyəti barədə  fikrin formalaşdırılması, ədəbi-nəzəri biliklərin  sadədən mürəkkəbə doğru ardıcıllıqla (yuxarıda qeyd etdiyimiz kimi), həm də hər yeni nəzəri anlayışın əvvəlkilərlə əlaqəli şəkildə tədris olunması  və s. çox vacib şərtlərdəndir.

    Peyzaj haqda danışılarkən, izah verib nümunələr göstərəndə sanki onun yalnız nəsr əsərlərinə aid olduğu nəzərdə tutulur. Ədəbiyyatşünaslıqda qeyd olunur ki, bədii əsərlərdə əksini tapan təbiət təsvirləri peyzaj adlanır. Burada nəsr və nəzm əsərlərini fərqləndirmədən bu fikirlər söylənilir. Ədəbiyyatşünaslıq terminləri lüğətində (Mənzərə-nin izahında), DİM-in son dövrlərdə buraxdığı vəsaitlərdə və az sayda mənbələrdə  bu məsələlərə obyektiv yanaşma müşahidə olunur. Pedaqoji, eyni zamandə ədəbi tənqid sahəsində çalışanlarımızın belə incəliklərə daha həssas olmalarını çox istərdik.1, 4, 5, 7.

     Hər bir bədii təsvir və ya ifadə vasitəsinin aydın şəkildə izah olunması, eləcə də fərqləndirilməsi çox vacibdir. Etiraf edək ki, tədris prosesində Ədəbiyyat nəzəriyəsinin öyrənilməsi lazımi səviyyədə təmin edilmir. Adından da göründüyü kimi, bədii təsvir vasitələri bədii dilin ən mühüm tərkib hissəsi olaraq, sözlərin məcazi mənaları əsasında təsvirlər yaradır. Onlara məcazlar da deyirlər. Qısaca da olsa aşağıdakı  bədii təsvir  vasitələrinə nəzər salaq:

      a) Epitet. Yunan sözüdür, mənası əlavə deməkdir. (Bədii təyin də adlanır) Məcazi məna daşıdığı üçün qramatik təyindən fərqllənir.

        b) Təşbeh (Bənzətmə.) qarşı-qarşıya qoyulmuş məvhumlardan birinin digərinə bənzədilərək təsvir edilməsi (bənzəyişi göstərən sadə məcaz(lar)dır)

     Müəllimlərimiz eyni sözlərin müxtəlif stuasiyalarda işlədilməsi ilə bu məcazların daha aydın izahına, fərqləndirilməsinə nail ola bilərlər; Məsələn: Günəş üzlü, qələm qaşlı və s. Bunların əksəriyyəti klassik ədəbiyyatımızda çox işləndiyindən müqəyyəd epitetlər, (sabit söz birləşmələrində işlənən)  bəzi ”daşlaşmışepitetlərə isə, məs.; qara gün, göy göz və s.  sabit epitetlər deyilir.   Deyək ki,- Üzün günəşdir, Qaşların qələmdir.  Amma; Üzün günəş kimi işıqlı, Qaşların qələm kimi qara və s., - olsaydı, onda bu nümunələr təşbeh olardı və s..       3, 4, 6, 7, 9.   

       Metafora. Yunanca köçürmə mənasını verən bu bədii təsvir vasitəsi uyğun məna daşıyan istiarə də adlanır.  Bədii dildə geniş yayılmış məcaz növlərindəndir. Metafora yunan sözü, istiarə isə ərəb sözüdür. hər iki söz “köçürmək” mə'nasını verir. Predmetin müəyyən əlamətinin başqa bir predmetin üzərinə köçürülməsidir.

Metafora (istiarə) və yaxud metonimiyada məcazi söz birləşməsindəki iki, üç və s. sözdən ibarət söz sırasının təyin olunan tərəfi ixtisara düşür. Ancaq təyin edən bir, bəzən isə iki söz qalaraq bütün birləşmənin mənasını verir.  Ənənəvi olaraq metaforanın iki növü; a)bənzədilən atılır, onun əlamətləri bənzəyənin üzərinə köçürülür (məs. günəş gülür), b) bənzədilən bənzəyənin yerini tutur.

     Məs.: Qızılgül, bağü bostanım, nə dersən? (Ş.İ.Xətai) ... və s. kimi şərh edilir. Metafora əsasən şeir dilində işlənən məcazdır. Sözlərin bir hissəsinin ixtisara düşməsi lakonizmə, az sözlə çox və dərin fikirlərin ifadə edilməsinə xidmət edir. Sərbəst şeir istisna olmaqla,digər poeziya nümunələrində (qəzəl, qəsidə, qoşma, gəraylı və s.) misraların ölçüləri sabit olduğundan onların içində hər cür fikrin poetik ifadəsinə nail olmaq şeir dili üçün həmişə çətin olmuşdur. Çox zaman bir söz şəklində qalan metafora - obraz qısa sətirlərdə fikri yığcam ifadə etməyə və s. şərait yaradır.   Hər hansı şəxsə əzizləmə mənasında işlədilən quzum, gülüm və ya nifrət hissini ifadə edən çaqqal, tülkü, və ya mərdanəliyini, yenilməzliyini bildirmək üçün söylənilən, şir, pələng və s. ya da günəş gülür, buludlar ağlayır və s. metaforadır. Epitettəşbehdən fərqli olaraq bunlar mürəkkəb məcazlardır. ”Günəş insan kimi gülümsəyir”- olsaydı, bu olardı təşbeh. Epitet, təşbeh və metafora bənzətmə əsasında yaranan məcazlardır. Fərqləndirmək üçün diqqətlə müqaisələr aparmaq çox vacibdir.            3, 4, 6, 7, 8.

    

  Metonimiya. Addəyişmə mənasını verən yunan sözüdür. Predmeti bildirən söz əvəzinə başqa bir sözün işlədilməsidir. Məs. Salon (insanlar) gülür metonimiyadır.

Dağlar gülür desək, olardı metafora. Burada qarşılaşdırılan tərəflər bir-birindən uzaq predmetlər olsa da onların arasında şərti əlaqə yaradılır. Metonimiyada isə yaxın tərəflər qarşılaşdırılır;

      Mənbələrdə çox göstərilən nümunələrdən bəzilərində, məsələn Aşıq Ələsgərin "Dağlar" şeirinin;  ” Ağ xələt bürünər, zərnişan geyməz, Heç kəsi dindirib keyfinə dəyməz, Sərdara söz deməz, şaha baş əyməz, Qüdrətdən səngərli, qalalı dağlar.” bəndində  "Ağ xələt bürünər, zərnişan geyməz" misrasında əsərin bədii gözəlliyini artıran ("qar" əvəzinə "ağ xələt") metonomiya işlənmişdir.   Nümunədə həm də qeyd olunmalıdır ki, burada metafora da işlənmişdir. Dağların ağ xələt bürünmək, al-əlvan geyin(mə)mək, heç kəsi dindirib kefinə dəy(mə)mək, nə sərdara, nə də şaha baş əy(mə)mək insana aid əlamətlərdir...          4, 5, 7, 8.

  a) Azad olunmuş yurd yerləri bizi hüznqarışıq bir sevinclə qarşılayırdı. (metaforadır) Burada uzaq predmetlər (Yurd yerləri və insan) qarşılaşdırılır.

    b) İnstitut öz məzunlarını səbirsizliklə gözləyirdi. (metonimiyadır) Burada isə yaxın predmetlər (İnstitutun müəllim və tələbələri ilə məzunlar) qarşılaşdırılır.

Sineqdoxa metonimiyanın bir növüdür. Hissənin tamı əvəzləməsi, yəni predmetin bir əlamətinin bütövlükdə onun özünü nişan verməsi(bildirməsi)dir. Ədəbi əsərlərimizdə populyarlıq qazanmış aşağıdakı nümunələri misal göstərmək olar; Yarımsaqqal (Q. Zakir), Saçlı (S. Rəhmov),  Mayıf Qasım (V. Səmədoğlu) və b.

Haqlı olaraq qeyd olunur ki, bütün sneqdoxalar metonimiya olduğu halda, bütün metonimiyaları sineqdoxa hesab etmək olmaz. Sineqdoxa da addəyişmədir, lakin heç də bütün metonimiyalar hissənin, əlamətin bütövlüklə tamı əvəz etməsi şəklində olmur.                   3, 4, 5, 6, 7.

     Hiperbola (şişirtmə) və litota (kiçiltmə) – epitetin şeir dilində daha çox işlənən məna növləridir. Klassik poeziyada sevgilinin saçları adətən qaranlığa bənzədilir. Və ya qanlı göz yaşları axıdılması obraz kimi tez-tez işlədilir. Bunlara tipik şişirtmə deyilir. Aydındır ki, aşiqin sevgi istirablarını bildirmək üçün bu göz yaşlarının qanlı adlandırılması şişirtmədir. Döyüşçülər əsasən şirə bənzədilir və bu da şişirtmədir. Şişirtmənin sinonimi kimi mübaliğə termini də vardır. 1, 2, 4, 5, 7.

     Danışıq dilində də şişirtmə və kiçiltmələrdən istifadə olunur. Məsələn, Şan-şöhrəti elə artmışdı ki, başı buludlara dəyirdi. Qocalıb yumağa dönmüşdü,  və s.

Bunlar da təbii ki, işlənməsindən asılı olaraq yuxarıda da qeyd etdiyimiz kimi, məcazların başqa növlərinə də aid ola bilir. Məsələn, Dağ gövdəli qəhrəman deyiriksə; burada dağ gövdəli, yaxud günəş üzlü gözəl deyiriksə; günəş üzlü epitetlərdir, həm də hər ikisi mübaliğə(hiperbola, başqa adla şişirtmə) dir.

Başqa bir misal:

       ”Özün kimi vüqarlıdır uca dağların” misrsaında  ”vüqarlı dağlar” epitetdir (bədii təyin), həm də Azərbaycanın, yəni azərbaycanlıların vüqarlı olma xüsusiyyəti dağların üzərinə köçürüldüyündən metafora kimi də qəbul etmək və s.  Bu kimi incə məqamlara öyrənmə prosesində daha həssas yanaşılmalıdır. 4, 7, 8, 9.

      Simvol. Nişanə, şərti əlamət mənasında işlənən yunan sözüdür. Bəzən rəmz terminindən də istifadə olunur. Bu isə ərəb sözüdür, müəyyən bir fikri ifadə etmək üçün verilən işarə deməkdir. Simvol və ədəbi obraz da bir-birinə yaxın əlamətlər daşıyır.  Bütün simvollar obrazdır. Obraz yaradılarkən onun şərti xarakter daşıması hiss olunur.

(Ədəbiyyatşünaslıqda ətraflı izahı verilən Simvolizm cərəyanının yaranması da  elə qeyd etdiyimiz fikirlərlə bağlı olub... Yaradıcılıqda daha çox pəmzlər sisteminə yol verilməsindən irəli gəlirdi və bu rəmzlərə xüsusi mistik mənalar da verilirdi və s.)  Belə ümumiləşdirək ki, Simvolun mahiyyəti formal olaraq üzdə bir şeydən danışılır, əslində isə müəyyən mülahizələrə görə adı gizli saxlanılan, açıq deyilməyən tamam başqa bir şeyin nəzərdə tutulmasıdır. Həm şifahi, həm də yazılı ədəbiyyatımızda (Alleqorik janrlarda, xüsusilə təmsillərdə) simvollaşdırılmış predmetlər, heyvanlar, bitkilər, quşlar, əşyalar və s.- dən bu məqsədlə istifadə olunur. Məsələn, Qara yel - müharibənin, dağ - ucalığın, göyərçin - sülhün, günəş - həqiqətin, balıq - kiçik, balina - böyük toplumun, xalqın və s. simvolu (rəmzi) kimi verilir. 2, 3, 4, 6, 7.

         Məsələn, M. İsmayılın ”Ağacdələn” şeirində; ”Bu cığırı bu qara kim bürüyüb, Burda kimin yanan qəlbi kiriyib?! Həyətini qara yellər kürüyüb;  Başımıza nələr gəlir, qoy görüm!”  yaxud orta məktəbdə tədris edilən S. Behrənginin ”Balaca qara balığ”ı və s. Bədii iadə vasitələri adlandırılan bədii sual, bədii təzad, təkrir, kinayə, mübaliğə, litota, inversiya da bədii dilin mühüm tərkib hissələri olaraq daha çox cümlə funksiyasını (bitmiş fikir) yerinə yetirdiyinə görə bədii təsvir vasitələrindən fərqləndirilir.    Onu da qeyd etməliyik ki, mübaliğə (şişirtmə) və litota (kiçiltmə) həm bədii təsvir, həm də bədii iadə vasitələrinə aid edilir. Ümumiyyətlə bədii təsvir və ifadə vasitələrinin müxtəlif müəlliflər(ədəbiyyatşünaslar nəzəriyyəçilər) tərəfindən təhlili; eyniləşdirilməsi, fərqləndirilməsi, yaxud oxşar və fərqli xüsusiyyətləri  barədə kiayət qədər fərqli mülahizələr olduğundan növbəti ”görüş”ümüzdə bu məsələlər üzərində bir qədər geniş dayanmaq və mümkün qədər konkretləşdirmə aparmaq fikrindəyik... 3, 4, 6, 7.

Düşünürük ki, pedaqoji prosesdə, öyrənmə məsələlərində  çətinlik yaradan bu və ya digər zəruri işləri təxirə salınmaz öhtəlik kimi qiymətləndirməliyik...

      Diqqətinizə görə təşəkkür edirik.

                        Mehdi Calal (Şükürov);

                                     Filoloq, AYB-nin, AJB-nin üzvü, ARTİ-nin əməkdaşı

 

                     İstifadə olunan ədəbiyyatlar:                          

1. Axundov Ağamusa, Şeir sənəti və dil. Bakı-1980.

2.  Hacıyev T.İ. Şeirimiz, nəsrimiz, ədəbi dilimiz. Bakı: Yazıçı, 1990.

3. Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün ədəbiyyat fənni kurikulumu. V-XI siniflər.

4. Mir Cəlal, P.Xəlilov. Ədəbiyyatşünaslığın əsasları. Bakı: Maarif, 1988.

5. Ədəbiyyatşünaslıq terminləri lüğəti, Əziz Mirəhmədov(Tərtib edəni), Bakı-1978.

6. Tələbə qəbulu üzrə DİM-in müxtəlif illərdə buraxdığı (Ədəbiyyat fənninə aid) vəsaitlər. 

7. Ədəbiyyat nəzəriyyəsinin əsasları Bakı, Nurlan, 2009. M. İ. Əliyev

8. Azərbaycan şifahi xalq ədəbiyyatından xüsusi kurs, Mürsəl Həkimov, Bakı, 1975.

9.  Mikayılov Ş.A., Bəkirova A.M. Ümumtəhsil məktəblərinin V-XI siniflərində ədəbiyyatın tədrisi metodikası. Bakı: Naksuana, 2008.