Əşrəf Veysəlli - GƏLİR

Ədəbiyyat 10:02 / 13.12.2025 Baxış sayı: 206

 

Elə ki səsimə səs verən olmur,

Nə harayım gəlir, nə səsim gəlir.

Ürək soyudumu onun dadına

Nə mizrab yetişir, nə də sim gəlir.

 

Üzümə bağlansa açıq qapılar,

Əlimdən yapışan bir əl tapılar.

Eyvanda atlanıb ayaqqabılar,

Ay allah, görəsən bizə kim gəlir.

 

Xəyalım dolanır ümmanlar üstə,

Ürəyim köklənir tufanlar üstə.

Bir quş yuva qurur tikanlar üstə,-

Mənim bu yaşımda həvəsim gəlir.

 

Ömür dedikləri keçib gedəndir.

Gözümdə yaşdırsa,

saçımda dəndir.

Köksümdə döyünən ürək Vətndir

Hələ nə qədər ki nəfəsim gəlir.