Aləmzər Sadıqqızı -= Birdə görərsən ki...

YAZARLAR 13:38 / 12.12.2025 Baxış sayı: 460

 

Birdə görərsən ki, bitib bütün ağrıların...

Yerini boşluq alıb,

Bütün çabalarının.

Anlarsan ki, o deyil ruhunu ağrıdan...

Danışmalı olduğun anlarda, susmaqdı, danısa bilməməkdi həyatın ən böyük ağrısını...

Səndən gedib sənə gəlməyəndir bütün ağrilarının çarəsi...

Bir də görərsən ki, ürəyin də əllərin kimi bomboş qalıb...

Səndən öncə yaşlanan əllərin həmişə uşaq qalan ürəyini sarmalar...

Göynəyər boğazinda düyunlənən söyləyə bilmədiklərin...

Bütün suallarına cavab tapmağın ağrılarını yaşamaqdı, yaşaya bilməmək.

Göz yaşında boğulmaqdı, gülməyi bacarmamaq...

Bir də görərsən ki, ömrünün susuz səhrasında ilğım kimiymiş uzaqdan görünən bulaq...

Nə yanan ürəyinə yağar yagış kimi, nə quruyan dodaqlarına səpilər bircə damla su kimi...

Dönüb geri gələrsən, öz dünyan liman olar hiss etdiklərinə...

Birdə görərəsən ki, hələ də nağıl uydurursan böyüməyən usaqlığına...

Anlarsan ki, sənin nagıl uyduran, nagıl yaşayan ömrün çoxdan bitib. Tökdüyün göz yaşları puç olan ömrün üçündür sadəcə...

Bir də görərsən ki, heç olmayan biri üçün kül etmisən yana-yana yaşadıqlarını.

Anlarsan ki, quşlar kimi belə iki qanadla uçmamısan ömrünün göylərində... Ondan belə yalnızsan Yer üzərində. Çunki o durnalar çoxdan uçub isti ölkələrə...Sən sadəcə qırıq qanadla arxalarından baxmısan...

Durnalar bir gün qayıdar bəlkə, ancaq sənin nağılların qayıtmaz...

Bir də görərsən ki, sənin qərib bildiyin əslində qərib deyilmiş...İçinın qürbətində can verən sənin hər kəsdən fərqli, hamıdan qərib ürəyinmiş...

Yalanmış bütun duyğuların, yalanmış bütün uydurduqların...

Yaşamağa sarılmaqmış, ömrünə tutulmaqmış bütün çırpınışların... Kimsəni qınamağa belə gücün yetməzmiş. Bürünüb öz günahlarına bulud kimi yagmaqmış xəyallarının ağrısina...

12.12.2024.