Xanım İsmayılqızı: - Yeni ilin mübarək.

Ədəbiyyat 09:59 / 02.01.2025 Baxış sayı: 782

 

 

Qış yenə də qatacaq göyün üstünü yerə,

Qar dənəsi uçacaq havada elə-belə.

Sığınacaq gülüşün gizli xatirələrə,

Anlar bükülüb gedər vida oxuyan ilə.

Özündən çıxa bilib yerə çırpılar külək...

Yeni ilin mübarək.

 

Qarğaların səsiylə neçə qatlar açılar,

Ağ geyimli ağaclar əsdirər budağını.

Evlər qarın altında asta-asta qocalar,

Evsizlər harda gəldi salacaq yatağını.

Ovucda ağaran duz, bir də ki, boyat çörək...

Yeni ilin mübarək.

 

Ağ günə çıxar səhər, adam kimi bəzənər,

Nə iz qalar, nə də toz, hər şey geridə qalar.

Ömrün bütün günləri il altından dənlənər,

Kimlərsə nələrisə qəfil əlindən salar.

Sinəndə buz bağlayar bir dəstə bəyaz çiçək...

Yeni ilin mübarək.

 

İçimdə yorğun adam, bir də özünə dönən,

Gecələrə qarışan, səhərlərə ilişən.

Ayların yaxasından ilə düşən sən və mən,

Dünyanın hər rəngində bir-biriylə görüşən.

Qəlbimdə gizlənmisən soyuqdan üşüyərək...

Yeni ilin mübarək.

 

Bu il də köhnələcək, yeniliyi yıxacaq,

Hərə bir cür yazacaq bu ilə öz adını.

Bu ağ qar əriyəndə nələr üzə çıxacaq,

Sən mən deyənə baxma, yaşa öz həyatını.

Onsuz da bilinmir ki, kim xəyaldır, kim gerçək...

Yeni ilin mübarək.