Ayxan Hüseynli  , AYB-nin üzvü : - Nöqtə

Ədəbiyyat 11:02 / 03.01.2025 Baxış sayı: 720

 

 

Abzasdan başlayaq,

                    bir tire qoyaq.

Yazaq ...

                 biraz səndən,

                 biraz da məndən.

Sənli fikirlərdə vergüllər olsun,

Qoyulsun üç nöqtə,

                  yenidən davam eləsin,

sənli düşüncələr heç vaxt bitməsin.

Məndən yazılanda ...

Sözdə həmişə,

                      qoşa nöqtə olsun.

Davamı səninlə -

                         səndən başlasın.

Dırnaq işarəsi açılsın hərdən,

Bizi yox, sevgini tərənnüm etsin,

Bizə məhəbbətin dərsin öyrətsin.

 

Bizli fikirlərdə nöqtə olmasın,

Fikir tükənəndə nöqtə qoyular.

Bir gün gələr,

                ölüm bizə qonaq olar,

O zaman, sualsız - nöqtə qoyular.