VAQİF  YUSİFLİ : -QARABAĞ   HƏQİQƏTLƏRİ

YAZARLAR 09:17 / 22.01.2025 Baxış sayı: 270

 

(Yazıçı Eyvaz Zeynalovün 75  yaşına)

Çağdaş Azərbaycan nəsrində öz səsi, fərdi üslubu deyim tərzi ilə seçilən bir nasir var ki, bu yanvar ayında onun 75 yaşı tamam olur mən istəyirəm ki, onun bir yazıçı kimi keçdiyi inkişaf yolunu sizin gözləriniz qarşısında canlandırım, hekayə, povest romanları haqda fikir mülahizələrimi  sizinlə bölüşüm.

Eyvaz Zeynalov təkcə milli ədəbiyyatımızda, müasir nəsrimizdə deyil, məmləkətimizin hüdudlarından kənarda da çap olunur tanınır. Amerikada «Azərbaycan nəsri antologiyası» işıq üzü görüb bu topluda Eyvazın dörd hekayəsi ingilisdilli oxuculara təqdim edilib. Eyvazın Türkiyədə, Gürcüstanda, Türkmənistanda, Polşada, Qırğızıstanda, Krımda ya ayrı-ayrı məcmuələrdə, ya da kitab halında hekayə povestləri çap olunub.  Eyvaz  Azərbaycan Yazıçılar Birliyinin, Avrasiya Yazıçılar Birliyinin,Gürcüstan Yazıçılar Milli Akademiyasının üzvüdür.Əlbəttə, bir Azərbaycan nasirinin-bizim həmyerlimizin bu uğurlarına sevinməyə bilmərik.Təbii ki, bütün bu uğurlar birdən-birə yaranmayıb, göydən düşməyib, günlərin, ayların, illərin üst-üstə yığılıb, ədəbi təcrübə qazana-qazana professionallığa gəlib çıxmasına qədər uzun bir yol keçib.Məhz bunun nəticəsində Eyvaz çağdaş Azərbaycan nəsrində öz fərdi dəst-xətti, yaradıcılıq yönü ilə diqqəti cəlb edir.

Eyvaz Ağdam rayonunun Qiyaslı kəndində  dünyaya gəlib, ali təhsilli dil və ədəbiyyat müəllimidir və uzun illər həm pedaqoji fəaliyyətlə, həm də qəzetçiliklə məşğul olub. Sonra Bakıya köçüb, özü ilə bərabər xatirələrini gətirib, yaddaşını da gətirib. İndi onun doğulduğu məkan - Ağdamın Qiyaslı kəndi işğaldan azaddır. Mən 90- illərin əvvəllərində o kənddə, «Rast» muğamının bənzərsiz ifaçısı, gözəl muğam ustası Şahmalı Kürdoğlugildə olmuşam. Hələ onda Qiyaslı alınmamışdı. Şahmalıynan gecə səhərəcən söhbət elədik, o, Füzuliyə bələd xanəndə idi, elə danışığımız da şairin qəzəllərindəndi. Heyif ki, Şahmalı və balaca oğlu Abdal-Gülablıdan atılan snayper gülləsinin qurbanı oldular.

Eyvaz Zeynalovun nəsr əsərlərinin mövzusu kənd həyatıdır. İntəhası, sovet dövründə yazdıqları ilə 90- illərdə bu əsrdə yazdıqları bir-birindən kəskin şəkildə fərqlənir. Onda Eyvazın hekayələri kənd məişətinin, oradakı insanların müxtəlif problemlərindən söz açırdı,o yazılarda həyat reallıqları ilə romantika bir-birilə qaynayıb-qovuşurdu, amma məlum hadisələrdən sonra   Eyvaz qaçqınlığın, köçkünlüyün törətdiyi fəsadlardan, insanların yurd itkisi ilə bağlı möhnətindən, Qarabağ uğrunda gedən ölüm-dirim müharibəsindən, bu müharibənin doğurduğu faciələrdən yazdı.

Eyvaz Zeynalovun hekayə və povestləri öz təhkiyəsinin şirinliyi ilə seçilir, hadisələrin təsviri, obrazların qarşılıqlı münasibətləri, onların keçirdiyi hiss-həyəcanlar çox təbii və inandırıcı görünür. Oxuyursan sən özünü  təsvir edilən hadisələrin içində görürsən.Eyvazın səksəninci illərin sonlarında qələmə aldığı «Rəngsiz yuxu» povesti bu mənada onun ən maraqlı əsərlərindən biridir. Povestdə bir kənd müəlliminin gün-güzəranından, həyat məişətdə rast gəldiyi çətinliklərdən söz açılır. Bu obraz-Əmirqulu müəllim axıracan öz mənəvi saflığını, insani ləyaqətini qoruyub saxlayır, kimsənin qarşısında sınmır, əyilmir.Eyvazın yaratdığı bu obraz 60-80-ci illərin ədəbi qəhrəmanlarını xatırladır.

O da təəccüblü deyil ki, Eyvaz Zeynalovun müstəqillik dövrünə qədər yazdığı hekayələrində əsas qəhrəmanlar kənd müəllimləridir,çünki Eyvaz o həyatı özü yaşamışdı. Onun «Sadıq müəllimin bir günü» hekayəsindəki müəllim obrazı sovet dövrünün kənd ziyalısını çox gözəl xarakterizə edir. Xatırlayaq o illəri (keçən əsrin 70-80-ci illərini). Azərbaycan müəllimi get-gedə öz nüfuzunu itirməkdə idi. O, maddi cəhətdən sıxıntı içində yaşayırdı, həyatdakı -nöqsanlara qarşı səsini ucaldanda rayon rəhbərliyinin gözündən düşürdü. Eyvazın hekayəsində elə bu olaylardan söhbət gedir.

İllər keçdi. Eyvaz Zeynalov yeni hekayələr, povestlər qələmə aldı. Mövzu yenə kənd həyatı, obrazlar yenə kənd adamları, amma hadisələr, olaylar tamam fərqli. Çünki zaman dəyişmişdi, Qarabağın dinc dövrünü talan, qırğın, köçkünlük havası əvəz etmişdi. Hətta təsvir olunan məkan da dəyişməyə başlayır; kəndlər boşalır, insanlar yurd yerlərini tərk edir, bülbüllər oylağı Qarabağ torpağında xain qonşular-ermənilər at oynadır. Bütün bu hadisələri Eyvaz Zeynalov ürək ağrısı ilə təsvir edir.

Çağdaş Azərbaycan nəsrində Qarabağ mövzusu əsas mövzulardan biridir. Mərhum yazıçımız Sabir Əhmədlinin «Ömür urası», «Axirət sevdası» romanları, Elçin Əfəndiyevin «Bayraqdar» povesti, «Qarabağ şikəstəsi» hekayəsi, Aqil Abbasın «Çadırda Üzeyir Hacıbəyov doğula bilməz», «Dolu» əsərləri, həmçinin Elçin Hüseynbəylinin, Hüseynbala Mirələmovun, Yusif Kərimovun hekayə və povestləri o böyük dərdin, ağrının, savaşın bədii inikası kimi maraqlıdır və bu əsərlər real müşahidədən doğulub. Bu mövzuda qələm çalmaq müqəddəs işdir, vətənpərvərlikdir, amma yazıçı həm də unutmamalıdır ki, burada patriotluq azdır, gərək müharibə dövrünün psixologiyasını doğru əks etdirəsən, təsvir etdiyin obrazlar tipik və canlı olsun. Axı, müharibə təkcə səngərlərdə deyil, həm də insanların ürəyində baş verir.  Eyvaz Zeynalov da bunları yaxşı bilirdit, o, Qarabağ dərdindən ən əvvəl bir qarabağlı, sonra bir azərbaycanlı, daha sonra isə bir yazıçı və insan kimi söz açır.

Eyvazın hekayələrindən birinin adı elə «Qarabağ dərdi»dir. Bu hekayədə Eyvaz bir çadır şəhərciyini təsvir edir. «Şəhərcik get-gedə ona daha artıq öz kəndlərini xatırladırdı. İllah da doğma adamları ilə! Əslində, burda bir rayonun qaçqın-köçkününün dəsti-xətti vardı. Hərə sanki kor-koranə öz həyət-bacasının, kənd-kəsəyinin oxşarını yaradırdı Kəndlərindən, qohum-əqrəbadan şəhərcikdə məskunlaşan çox idi… Qaçanda kənddən hamısı bir çıxmışdı..Desəydilər, gün gələcək bu ilan mələyən şoran çöllükdə adamlar belə yaşıl, bağ-bağatlı bir şəhərcik salacaq, heç kəs inanmazdı… Ürəkləri təzə yer-yurda qızmır, əlləri işə yatmırdı. Doğma kənd-kəsəyin, yurd-yuvanın iyi hələ burunlarındaydı. Yatanda da, duranda da oraların xiffətini çəkir, yuxularını görürdülər. Hər şey tədricən öz axarını tapırdı. Yarıkönül mehr saldıqları yad torpaq (çox da vətən torpağıydı) qurub-tikdikcə, nəfəsləri ilə isindirdikcə doğmalaşırdı. Hansı məhrumiyyətlər, əzab-əziyyətlər bahasına, bunu bir Allah bilirdi..»

   Eyvaz bu çadır şəhərciyini heç də pisləmir, burada yaşayan insanların məhrumiyyətlərini təsvir edə-edə yaxınlarının niyə buradan köçmək istəməmələrinin səbəbləri üzərində düşünür. Və belə bir nəticəyə gəlir ki, adamları kəndlərini xatırladan bu çadır şəhərciyindən yeni tikilən qəsəbələrə köçürəndə onlar yeni itkilərlə qarşılaşacaqlar: «Durub birdən-birə  onları zorla harasa köçürmək kəndçiliklərinə təhsilə vaxtsız vurulan əlifba zərbəsi kimi bir şeydi. Köçənlər deyir, evlərin çölü bəzək, içi təzəkdi, bir-iki aydan sonra gərək özün təzədən remont eləyəsən». Əlbəttə, müəllif bu fikirlərin heç birinə haqq qazandırmır ki, çadır şəhərciyi yaxşıdır, yoxsa onlar üçün inşa edilən təzə evciklər? Sadəcə olaraq, yurd-yuvalarından ayrı düşən bu insanların psixologiyası ilə bizi tanış edir.

Eyvazın hekayələri içərisində «Lümək toyuq və onun törəmələri», «İntiqam», «Soyuq konfet», «Ən qiymətli», «Türkün etirafı», «Yad dağlarda», «Qaçhaqaçda»..xüsusilə seçilir. O, bu hekayələrdə kəndlərin boşaldılmasından, düşmən hücumu zamanı əldə-ayaqda qalan qocaların taleyindən, balaca uşaqların yaddaşında silinməz izlər buraxan hadisələrdən söz açır.

   Gün keçəcək, aylar, illər ötəcək, müharibənin doğurduğu o dəhşətli bəlalar unudulacaq. Amma gələcəyin o qayğısız günlərinin birində  oxuculardan kimsə  Eyvaz Zeynalovun «Soyuq konfet» hekayəsini oxuyub mütəəssir olacaq. Bir qadının körpə uşağı yaşatmaq naminə böyük fədakarlığı barədə təsirli bir hekayə oxuyacaq. Gələcəyin bir başqa oxucusu Eyvaz Zeynalovun «Ən qiymətli» hekayəsindən təsirlənəcək. Ermənilərin hücumu zamanı, qaçaqaçda bir ailənin kiçik qızı nəyisə xatırlayıb tez evə qaçır: «Əhməd o saat maşından düşüb uşağın dalınca götürüldüHamı qorxu həyəcanla gözləyirdi. Atışma səsi isə yaxınlaşmaqdaydı. Nəhayət, Əhməd qızı da qucağında qayıdıb gəldi.

Maşın təzədən yerindən tərpənəndə anası ağzının odunu qızının üstünə tökdü: -Bu nə oyundu çıxarırsan, ay canı yanmış?.. Yerində rahatlanan qızcığaz özünü doğrultmaq üçün evdən götürdüyü çantasını, kitab-dəftərini göstərdi.

 -Axı, mən sabah bunlarsız məktəbə necə gedəcəkdim, ana?

Sabah sentyabrın biriydi. Qızcığaz birinci sinfə gedəcəkdi.

Atasının dodağı qaçdı. Demə, ən qiymətli şeyi götürmək yaddan çıxıbmış...»

Eyvazın «Cəza» adlı başqa bir hekayəsi də var və bu hekayədə o, əsl azərbaycanlı qadını Nisə arvadı oxuculara təqdim edir. Onun oğlunu bir erməni qətlə yetirib, başını kəsib və Nisə arvad da and içib ki, o qatili tapıb gətirsələr, oğlunun qəbrinin yanında onun başını kəsəcək.Döyüşçülər həmin ermənini tapıb gətirirlər, amma qəlbi intiqam hissilə alışıb yanan ANA dediyindən dönür. Azərbaycan anası qatil deyil,-Nisə arvadın adam öldürməyə əli gəlmir.Sərbəst buraxılan erməni isə havalanır…  Eyvazın əvvəlcə povest kimi qələmə aldığı, sonra romana çevirdiyi «Qisas» əsərində mənəvi saflığı ilə diqqəti cəlb edən Sabir müəllim obrazı da bizə yaxşı tanışdır.

Onun  «Bələdçi» adlı başqa bir romanı da var və deyim ki, bu əsər hekayədən povestə, povestdən romana adlayan (bu, «klassik nəsr qanunu»dur-V.Y.) bir nasirin yaradıcılıq prosesinin qanuni nəticəsidir.

Nəhayət, onun son romanı- «Nadir  şah» haqqında …Azərbaycan ədəbiyyatında Nadir şah haqqında ilk əsərin müəllifi Nəriman Nərimanov olub. Onun «Nadir şah» faciəsi Azərbaycan tarixində silinməz izlər buraxan, həm qüdrətli, həm ziddiyyətli, həm faciəli hökmdar haqqında qələmə alınmışdı. Uzun illərdən sonra Nadir şahın obrazı romanlarda öz əksini tapdu. Yunis Oğuzun, Hüseynbala Mirələmovun «Nadir şah» romanları nəşr olundu  deyim ki, bu romanlarda Nadir şah təkcə hökmdar kimi deyil, həm faciəvi bir insan kimi təsvir olundu. Sonuncu «Nadir şah» romanını isə Eyvaz yazdı təfərrüata varmadan deyə bilərəm ki, Eyvaz bu romanı qələmə alarkən xeyli tarixi mənbələrə müraciət edib təbii ki, yazıçı təxəyyülü burada öz əksini tapıb.

Eyvaz Zeynalovun 75 yaşı tamamdır və əlbəttə, onun yaradıcılıq enerjisi hələ tukənməyib, uğurlar arzulayaq ona…