Tahir Rzayev, komitə sədri : - "Bu evləri     kiminsə razılığı əsasında tikiblər..."

MƏMLƏKƏT 22:20 / 21.01.2025 Baxış sayı: 207

Bu gün Azərbaycanda mövcud olan ən aktual problemlərdən biri də sənədsizlər evlərlə bağlıdır. Ölkədə yüz minlərlə bu cür evlər var ki, onların da sənədləşməsi mürəkkəb bir məsələyə çevrilib. Mütəmadi olaraq, bu cür evlərin sənədləşməsi məsələsi gündəmə gətirilsə də, indiyədək bu problemin yaranma səbəbləri müzakirəyə çıxarılmayıb. Bəziləri isə deyir ki, vaxtında sənədsiz evlərin tikintisinə icazə verilməsəydi, problem bu qədər qabarıq şəkildə ortaya çıxmazdı.

Yenises.az  bildirir ki, məsələ ilə bağlı   açıqlama verən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib ki, statistik məlumatlara əsasən, ölkədə qanunsuz tikilən evlərin sayı artıq 450 mindən çoxdur.

Onun sözlərinə görə, bu evlərin müəyyən hissəsinin qanuniləşməsi prosesi gedir və artıq on minlərlə belə ev qanuni sənədlərlə təmin olunacaq və müəyyən evlərə də hüquqi sənədlər verilib:

“Amma yenə də bu məsələ vətəndaşları çox ciddi narahat edir. Bununla yanaşı, hələ də qanunsuz evlərin tikintisinə cəhdlər müşahidə edilir. Əlbəttə ki, bu problemin yaranmasını bir nəfərin üstünə atmaq düzgün olmaz. Çünki bu evlər tikilərkən müəyyən icra orqanları, bələdiyyələr, eləcə də digər müvafiq orqanlar vaxtında nəzarət etməli idilər və bunun qarşısı vaxtnda alınmalı idi. Çox təəssüflər olsun ki, müəyyən qaydada liberallığa yol verilib və nöqsanlar qarşılıqlı şəkildə həyata keçirilib. Bir çox torpaqlar vaxilə icra orqanları və bələdiyyələr tərəfindən vətəndaşlara verilib”.

Komitə sədri vurğulayıb ki, bu kimi torpaqlar müəyyən şirkətlərin balansında olub və onlar bu məsələlərə göz yumublar, sonda isə belə bir nəticə ortaya çıxıb: “Bunun aradan qaldırılması çox vacibdir. Çünki bəzi evlər çox təhlükəli zonalarda - yüksək gərginlikli enerji xəttlərinin altında, qaz kəmərlərinin ətrafında və ya üzərində, eləcə də müəyyən vacib kommunikasiya xətlərinin nəzərdə tutulduğu ərazilərdə, mövcud sürüşmə zonalarında inşa olunub. Bundan da insanlar bu gün əziyyət çəkir və haqlı olaraq narazılıqlarını bildirirlər. Ancaq bütün məsələlər qanunvericilik çərçivəsində həll olunmalıdır və ilk növbədə insanların təhlükəsizliyi təmin edilməlidir”.

T.Rzayev söyləyib ki, hazırda qanunsuz evlərin sənədləşməsi prosesi gedir, ancaq bu, çox mürəkkəb bir prosesdir: “Çünki bütün məsələləri dəqiq həll etmək və aradan qaldırmaq çox çətindir. Elə evlər var ki, onun heç bir sənədi yoxdur. Vətəndaş boş ərazini zəbt edərək ev tikib və beləliklə, bələdiyyədən, icra orqanından və ya digər müvafiq qurumların heç birindən heç bir razılıq almayıb. Elə evlər də var ki, təhlükəli zonadadır və bu evlər mütləq köçürülməlidir. Çünki orada yaşamaq insanların həyatı üçün təhlükəlidir və istənilən halda xoşagəlməz hadisələr baş verə bilər. Biz bunun şahidi olmuşuq, misal üçün sürüşmə zonalarında tikilən evlər var ki, yağış yağanda müəyyən təhlükələr yaranır. Əlbəttə ki, belə evlər mütləq təhlükədən azad edilməlidir. Ancaq burada vətəndaşların da hüquqları qorunmalıdır. Onlar bu evləri kiminsə gözünün qarşısında tikiblər, kiminsə razılığı əsasında tikiblər, o evlərə külli miqdarda xərc çəkiblər”.