… VƏ BAŞQALARI -yazdı Musa YAQUB

Ədəbiyyat 05:55 / 22.01.2025 Baxış sayı: 177

 

Yazda güllər açar, lalə gülqotaz,

Qərənfil, bənövşə və başqaları.

Dünyada dağlar var, Himalay, Qafqaz,

Boylanar günəşə və başqaları.

 

"… və başqlarında" qaldı dağ, qara,

Neçə çiçək adı, neçə dağ adı.

Dili ki, öyrətdik eyni adlarla,

"Başqaları" əcəb can qurtarandı.

Bir dünyada yaşar, doğmalar, yadlar,

Hərə öz yerini tutaydı barı…

 

Mənimçin ən əziz, ən doğma adlar

Səninçin nə olar?- … və başqaları.

Necə sadalayıb gətirək yada,

Göylərin ki, min-min səyyarəsi var.

Bu var ki, ən parlaq bir ulduzu da

 

"… və başqalarında" gizlətmək olar.

Hünərçin doğulan insan ki vardır

Qanında od olsun, canında təpər.

Bəlkə də bir təhər yaşayanlardır

 

"… və başqalarına" adı düşənlər.

Məni saymazların ağrısı canda,

Saxladım könlümdə giley-güzarı;

Həmişə adıma növbə çatanda

 

Bir söz eşitmişəm: "… və başqaları".

O adlar layiqdir düşüb dastana,

Ad var ki, üstündə kölgələr qalır.

Tək-tək adlarımız qalsın bir yana

 

"… və başqalarında" ölkələr qalır.

Birinin ulduzu yanıb parladı,

Birinin ulduzu sozalar, batar.

Ali məclislərdə millət var adı

"… və başqalarında" mürgülər, yatar.

 

Kiminin ad-sanı okean dibində,

Kiminin şöhrəti ulduza çatar.

Nə bilim adı var əriyən qarın,

Nə bilim bu adla yanar min ocaq.

“…və başqalarında” itən adların

Bilmirəm taleyi necə olacaq.

 

Kəramət Keramet