Əlisəfa Azayev : - ODLU KÜRƏ
O, qadınları həmişə odlu kürə bilmişdi. Birinə hələ orta məktəbin yuxarı sinfində təsadüf etmişdi. Elə onda da avtobusda. Dolu bir qadın idi. Yanında əyləşmişdi. Elə bil ki, ondan cəryan keçir, bədəni od tutub yanırdı. Qadın o qədər isti, hərarətli idi ki... Bütün ruhuna sahib olmuş, onu olduqca təsirləndirmişdi. Necə də avtobusun mənzil başına tez çatmasını istəyirdi. Təki bu gərginlikdən qurtaraydı...
Onunla da bax belə...Düz otuz ildən sonra... Ancaq bu hərarətlənmə adi deyildi. Xoş iyul günündə istirahət mərkəzindən qayıdırdı. Şəhərə kimi yüz əlli kilo metrdən artıq yol qət etməli idi. Yolda sürücü avtobusu saxladı. Yerdəki adamların şən səsi eşidildi:
- Yaxşı yol, Çiçək...
- Çatanda bizə zəng çalarsan.
- Bizi unutma...
Gəlin də eyni səmimiyyətlə cavab verdi, əl elədi:
- Sağ olun!.. Görüşərik...
Onun yanı boş idi. Qız yanına çatanda dilləndi:
- Olarmı burada əyləşim?
- Buyurun...
- Boşdu da?..
- Bəli...
O, həqiqətən də, gözəl-göyçək, ağbəniz bir qız idi. Külrənginə çalan parçadan çiçəklərlə bəzənmiş don geyinmişdi. Sanki öz ruhuna, zövqünə uyğun. Baxışları o qədər mənalı, gözləri dəniz rəngində, mavi idi... Beləsinə həyatda heç vaxt rast gəlməmişdi. İlk yadına düşən kinoların birində gördüyü mavi rəngli qurd, canavar oldu... Onun da gözəl, şirin baxışları vardı... Eyni bununki kimi... Hadisə Şimal dənizlərinin birində cəryan edirdi. Ağır yaralanmış, xəstə canavara həmin yaraşıqlı canavar balıq tutub gətirsə də, yemirdi... Sanki erkək canavar bunu qüruruna sığışdırmırdı ki, dişinin əl tutması ilə dolansın. Ya da onların arasında inciklik vardı. Bəlkə də, erkək canavar elə onun üstündə bir başqası ilə xamxalanmış, beləcə yaralanmışdı...
Yerindən qalxaraq dedi:
- Bəlkə, yerimizi dəyişək... Bura sizin üçün yaxşı olar.
- Yox-yox... – deyə qız qəti etiraz etdi.
- Mənzərələrə baxardınız... Ona görə dedim.
- Çox sağ olun, bura da yaxşı rahatdı.
O, əlindəki sellofan torbadakı nə isə ehtiyatla dizinin üstündə tutmuşdu. Ona görə də dedi:
- Bəlkə, verəsiz, mən saxlayım.
- Ehtiyac yoxdur... Təşəkkür edirəm.
- Axırı sizin üçün rahat olsun.
- Pis deyil...
Özü də lap kənara çəkildi ki, qız üçün heç bir narahatlıq olmasın. Sanki onunla danışmağa, söhbət etməyə söz tapmırdı. Dilləndi:
- Bu günə çox isti deyiblər...
- Elə istidi...
- Hə... Yaxşı ki, burada kondisioner işləyir.
- İçəri sərindi.
Cəsarət edib qız tərəfə baxa bilmirdi. O, çox gözəl, mənalı baxışlı olduğu üçün sanki ehtiyatlanırdı. Sanki bir baxışı ilə onu hipnoz edə, ovsunlaya bilərdi... Özü də qəlbən bu fikrinə güldü. Ailə sahibi idi. İndi bir qızın girovuna çevrilmiyəcəkdi ki...
Yolda sürücü maşını saxladı. Sərnişinlər düşüb su içməyə getdilər. Çay içənlər də vardı. Bildirdi:
- Bizdən qalıb nolacaq?!. Biz də düşək...
- Düşürsünüz düşün də...
- Mən ki, bir az əvvəl maşına minmişəm...
Çay içəndə onu da həyətdə gəzinən gördü. Səslədi:
- Xanım, yaxın gəlin...
- Sağ olun...
- Çaydı da...
Ona tərəf addımlayanda, çayçı oğlanı səslədi:
- Bir stəkan, nəlbəki də verin.
- Baş üstə...
Qız yenə də soyuqqanlı idi. Əyləşsə də məchul bir nöqtəyə baxmaqda idi. Dedi də, onu görəndə eynən belə, həmin yaraşıqlı canavarı xatırladı... Əsl yalquzaq, dişi canavar idi... Bir beləsini canlı şəkildə Şamaxıdan Çuxuryurd tərəfə gedəndə yolda görmüşdü. Kimsə dəmir çərçivəli yer düzəltmiş, ağzını açarlamışdı onun. Canavar içəridə o tərəf-bu tərəfə hərəkət etsə də, qətiyyən başını qaldırıb heç kimə baxmırdı...
Ona çay süzdü. Təşəkkür elədi:
- Çox sağ olun...
- Sağıq da... Biz ki, hələ tanış deyilik.
- Buna ehtiyac da yoxdur...
- Niyə, məncə, adınız Çiçəkdi... Bayaq sizi yola salanlar dedi:
- Ola bilər... Uşaqlıqdan məni belə çağırırlar... Elə gözəl-göyçək bir qız olduğum üçün... Bağışlayın, təvəzökarlıqdan uzaq oldu... İndi o gözəllikdən bir şey qalmayıb...Zaman, məkan hər şeyi əlimdən alan kimidi...
Qızın belə gileylənməsi ona xoş gəlmədi. Sanki belə bir qızın bədbincəsinə danışmasını ona bağışlamaq istəmirdi. Dilləndi:
- Ola bilər... Çayınızı için...
- Çay da heç soyumur... Çox istidir.
- Nəlbəkiyə töküb, soyudun.
- Belə istəmirəm...
- Zövq sizindi...
Bir azdan sürücü onları səslədi, maşının siqnalını verdi, soruşdu:
- Qalan olmadı ki?..
- Yox...
- Yaxşı-yaxşı baxın, sonra peşmançılıq olmasın.
Zarafatla qızdan soruşdu:
- Əyləşmisiz?.. Yerinizdəsiz də?..
- Hə... Əlbəttə ki...
Bir azdan o andan betər oldu. Hey susmaqda idi. Dələngavaz sürücünün narahat maşın sürməsinə hərdən diksinsə, yerini tarazlasa da, hiss olunurdu ki, yorğun, yuxuludu. Bəlkə də, yol qırağında dayanmaqdan, maşın gözləməkdən onu gün vurub, bu səbəbdən beləcə yuxulayırdı...
Bir azdan qız aram-aram nəfəs ala-ala başını onun çiyninə qoydu, mürgülədi, yuxuladı... Əsl mənada yatmışdı... Hərdən lap diksinən, sayıqlayan kimi olsa da, elə istilənmişdi ki... Sanki odlu bir kürə idi... Bu kürə sanki get-gedə daha da hərarətlənməkdə, istilənməkdə, qızmaqda idi... İlahi, bu nə olan iş idi, o düşmüşdü... Nə qıza deyə bilirdi ki, başını çiynindən götürsün, nə də onu bir qədər özündən kənar edə bilirdi. Sanki yaxın, əziz bir adamına sığınmış kimi yuxulamışdı...
Bu an da çevrilib onun mavi dəniz sularını xatırladan göyümtül rəngə çalan ala gözlərinə baxa bilmədi. Ehtiyatlandı, qorxdu... Qorxdu ki, qız qəflətən ayıla, gözlərini aça bilər... Soruşar: “Mənə niyə diqqətlə baxırsınız?..” O, arada sanki kimləsə danışırdı... Bu sayıqlamaqdan çox, yuxuda öz əzizini görmüş bir adamın sevinc hislərini büruzə verməsinə oxşayırdı:
- Sənsən?..
- ...
- Niyə uzaq qaçırsan...
- ...
- Yaxın gəl...
- ...
- Mən hələ də səni gözləyirəm...
Qız beləcə odlu kürə kimi onu yandırıb-yaxanda, həm də sol qıçı qeyri-ixtiyari sağ qıçına sıxılmışdı. Nə qədər kənara çəkilsə də, qız hey ona yaxınlaşmaqda, hələ də bədəninin yüksək hərarəti ilə onu yandırıb-yaxmaqda idi...
O fiziki, kimyəvi qanunlara bir o qədər bələd olmasa da, bu məsələdə bir uyarlılıq görürdü...
Qızı beləcə haldan çıxaran nə idi. Onun səmimiyyəti, gördüyü yuxu, yoxsa xoş xəyallar? Bu suallara özü də cavab tapa bilmir, kor-peşman halda yerində çırpınırdı...
Səslər eşidildi:
- Sürücü qardaş pirin yanında saxla...
- Bir nəzir verək...
- Həm də sərin su içərik...
Qız da oyanıb, ona tərəf baxaraq, pörtmüş halda dedi:
- Deyəsən, yatmışammış... Sizi də narahat eləmişəm.
- Yox-yox... Nə danışırsınız...
- Siz Allah, bağışlayın...
Əslində isə həqiqi mənada narahatçılıq vardı. Maşındakıların çoxu onlara diqqət kəsilmişdilər. İndi yanlarından keçib, aşağı düşdükcə gülümsəyir, – bu qız nə deyir? – deyə bir-birilərindən soruşurdular. Ona isə qaranlıq qalan əsasən bir məsələ vardı...
Şərq müdriklərinin deməsinə görə, insanda əsas üç gözəllik var:səs, üz, qəlb gözəlliyi. Bu qızın səsi o qədər xoş, məlahətli idi ki, istəyirdin ancaq o danışsın, sən qulaq asasan. Söhbəti, danışığı, gözəl havada bülbülün cəh-cəh vurub oxumasını, səslənməsini xatırladırdı. Sanki bu anlar insanın ruhu da şad olub, dincəlirdi... Üzünün gözəlliyinə də söz ola bilməzdi... Sanki bir ay parçası idi. Onun yanına düşmüş, parıldayır, bərq vururdu... Bəs axı qəlbini necə müəyyən etsin?! Bax onu düşündürən, nigaran qoyan bu idi. İnsanla ancaq müəyyən müddətə yoldaş olandan sonra onu tanımaq, bunu müəyyən etmək olar.
Qızın bu an avtobusdan düşüb, nəzir qutusuna yaxınlaşması sanki onu qanadlandırdı. Öz-özünə dilləndi:
- Yox... Bunun qəlbi də gözəldi. Allah xofu var bunda... Belə adamlar heç vaxt pis ola bilməzlər... İnsan gərək Tanrısını tanısın, qorxusu olsun...
O geri qayıdanda dilləndi:
- Nəzirinizi Allah qəbul eləsin.
- Çox sağ olun...
Gəlib oturanda bir qədər ondan uzaqda dayanmağa çalışdı. Bayaqki kimi odlu kürəni xatırlatmırdı. Xeyli soyumuş, sərinləmişdi... Eynən hərarətləri az qala bərabərləşmiş, bərabər olmuşdu... Qız yenə oğrun-oğrun ötüb keçən mənzərələrə baxsa da, ona bir söz deyə bilmədi... Onu yerindən oynadan o mavi gözlərə, yaraşıqlı, təravətli, lap körpə uşaq sifətini xatırladan üzünə, doyunca baxa, tamaşa edə bilmədi. Sanki qız qəlbən onu lənətləməkdə idi: “Ey təkəbbürlü adam, özünü nə çəkmisən... Bütün dünyanın fatehləri də qadın gözəlliyi qarşısında diz çöküblər... Peyğəmbərimizin sözləridi, yoxsa bunları da eşitməmisən: “Kişi üç halda diz çökər... Namaz qılanda, gül dərəndə, qadın qarşısında...” Sən isə özünü nə tox tutmusan. Kaş sənin xanımını görəydim...”
Hərbi hissəyə çatar-çatmaz sürücü səsləndi:
- Burada düşən olacaqmı?
- Bəli, – deyə qız səslənəndə, ürəyi üzülsə də, ona kömək edəsi oldu...
- Salamat gedin...
O isə sanki heç bu sözləri eşitmədi. Onunla vidalaşmadı da. Onun bu laqeydliyindən lap hirslənən, əsəbləşən kimi oldu. Eyni dəniz sahilindəki canavarları xatırlatdı ona... Həmin mehriban baxışlı canavarı...Bəs bu niyə belə laqeyd, hikkəli idi?!.
Maraq hissi ona güc gəldi. Həmin yol səfərindən bir neçə gün sonra yolu həmin hərbi hissəyə düşəndə, maraqlanıb soruşdu:
- Belə bir qızla yol yoldaşı olmuşam. Sizcə o, ailəlidi, yoxsa subay?
Zabitlərdən biri dilləndi:
- Əslində o qız indi burada qalmır... Yoldaşı həlak olub... Hərdən mənzillərinə baxmaq üçün gəlir...
Onun bu sözlərindən həyacanlanan, diksinən kimi oldu. Səsləndi:
- Nə pis...
- Hə... Həyat yoldaşı şəhid olub... Hələ də bu statusu ala bilmir... Həmin hadisədən bir qədər əvvəl ayrılmışdılar... Faktiki bir yerdə yaşamırdılar...
- Nə üçün?!. – Maraqlandı.
- Bunu özünü görəndə soruşarsınız. Çox tələbkar qızdı... Elə bu hərisliyi, tələbkarlığı da bu münaqişəni yaratdı.
Bir bəhanə ilə zabiti parkdakı stola tərəf çəkə bildi:
- Əyləşin... Bir stəkan çay içək, dünya dağılmaz ki...
Gileyləndi:
- Ə, çay nədi bu isti havada?!
- İstininki çaydı da elə...
- Mən pivə içəcəyəm...
- Bəs uçuş günü deyil sizə?
- Yox... İstirahət günümüzdü...
- Həyəcan siqnalı verilə bilər.
- Ola bilər...
Zabir gülümsər halda dilləndi:
- Elə onun başına belə həyacan siqnalı daş saldı da... Qız inad edib, onu buraxmayıb... Ehtirasını söndürə bilməyib... Oğlan nə qədər yalvarıb-yaxarsa da, xeyri olmayıb...
- Bu çox pis...
- Elə buna görə nəticəsi də ağır oldu da... Ərinin rütbəsini bir pillə endirdilər. Əvvəl kapitan idi, baş leytenant oldu.
- Sizin rütbəniz indi nədi?
- Mayor...
Araya sükut çökdü. O çayını, o da pivəsini içə-içə soruşdu:
- İlk baxışda heç də pis qıza oxşamır...
- Oy...oy!..–deyə mayor ah çəkdi, – başımıza min oyun açıb... Elə bil ki, onun ərini biz öldürmüşük... Bəlkə də, elə əri bu streslərə dözmədi, fikirli oldu... Hərbi vertolyot sürürdü də... Komandir idi...
- Arvadın da bu işi olmaya da...
- Hə...
Mayor oğrun-oğrun gülümsədi:
- Bəs o, sizi mənzilinə niyə dəvət etməyib?
- Bu nə sözlərdi?!.
- Deyirəm də...
- O, belə qıza oxşamırdı axı...
- Birincisi artıq o qız deyil, gəlindi, arvaddı... Sonrada ki, biz də az-çox nəsə bilirik də...
- Bağışlayın, bəlkə, mən səhv demişəm. Gördüyüm, bəlkə, o qız deyil...
- Adını Çiçək demədiz?
- Hə...
- Bəs daha niyə ora-bura fırladırsınız?!.
Pərt halda dilləndi:
- İnanın... Mən istəməzdim ki, o qız haqqında belə sözlər, fikirlər həyatda özünə yer olsun...
- Əlbəttə ki...
- Həm də şəhid ailəsidi axı...
- Onda ayrı yaşayıblar.
- Nigahları ki olub?..
- Daha bunu bilmirəm...
Özünü saxlaya bilməyib pıçıldadı:
- Elə onda qeyri-adilik duydum. Yanımda əyləşmədi də. Sanki odlu kürə idi...
Mayor pivəsindən bir qurtum içərək quruşkanı yerə qoydu. Əllərini bir-birinə sürtərək dilləndi:
- Görürsən də... Özün mətləb üstə gəlirsən də... Ona nahaq yerə “Odlu Pəri” demirlər ki...
- Bəlkə, siz səhv eşitmisiniz. O ifadə əslində belədi: “Atlı Pəri”...
- Yox... Yenə də inad edirsiniz ey. O, hər şeyi yandırdığı, közə döndərdiyi üçün elə bu adla çağırılır...
Sanki ağlayacaqmış kimi, kövrək bir səslə pıçıldadı:
- “Odlu Pəri...” Əslində pis səslənmir...
Mayor qımışaraq soruşdu:
- -Siz tətqiqatçısız? Bu xanımla belə nə çox maraqlanırsız.
Pərt halda dilləndi:
- Yox, dedim axı... Hərbi şəhərcikdə, qohumgildə idim. Dedim o xanımla maraqlanım... Yolyoldaşı olmuşuq da...
- Görünür, sizi çox təsirləndirib.
- Hə... Elə buna görə yox... Həm də bir müamma kimi qaldı mənim üçün. Ayrılanda bir sağollaşmadı da.
- Görürsüz də... Normal adam belə hərəkət eləməzdi... Yol yoldaşı olmuş, bir yerdə əyləşmisiniz axı...Hələ birlik də çay da içmisiniz...
- Bəli...
- Onda onun gizli məqsədi olub.
- Bəlkə də...
- Bəli-bəli... Sizi qıcıqlandırmaq, ona marağınızı təmin etmək. Qadınları mənə tanıtdırmayın. Onlara lap yaxşı bələdəm.
Qayıb onu haldan çıxarmaq üçün soruşdu:
- Bəs siz necə?!. Onunla münasibət qura bilmisiniz?..
Mayor o an dilləndi:
- Yox, qardaş... Mənim yalan-palanla işim yoxdur... Bizim kimiləriyaxına buraxmaz...
- Bəs kimlərlə münasibət yaradır?..
- Nə deyim vallah... Eşitmişəm, gözəl qız, xanım, qadın həmişə söz-söhbətli olur da... Başsız olanda adı daha çox hallanır, bəzənir...
Daha orada qərar tuta bilməyib, bu heyvərə insandan uzaqlaşmağa çalışdı. Avtobus dayanacağında həmin mavi gözlü qızla üzbəüz gəldi. Sanki onu tanımırdı. Dilləndi:
- Salam... Bu mənəm...
- Çox yaxşı...
- Şəhərə gedirsiniz?
- Bəli...
- Yenə yoldaş olduq ki...
Qız bir söz demədi. Yanı boş olsa da, o qarşı tərəfdə, qadınların yanında əyləşdi. Mənzil başına çatanda, ayrılanda dedi:
- Az-çox sizin haqqınızda eşitmişəm... Mən hüquqşünasam. Bir çətinliyiniz olsa, müraciət edərsiniz...
- Oldu...
- Bu da telefon nömrəm...
- Mən də verim?
- Versəniz, pis olmaz...
Qız ilk dəfə başını qaldırıb ona baxdı. Sanki o sehirli gözlərdən qəlbinə od düşdü... İndi o qızdan betər hərarətlənmişdi. Əsl odlu kürə idi...
Fizik, kimyaçı dostlarından dönə-dönə xahiş etdi ki, bu barədə son elmi araşdırmaların nəticəsi ilə onu tanış etsinlər. Burada nə isə fiziki, kimyəvi bir yaxınlıq, əlaqə, reaksiya gedir. Biz bilmirik, xəbərsizik... Bunun güclü, qarşısıalınmaz, amansız partlayışı da ola bilər.