Vəli Xramçaylı : - Dərviş Vəliyə.

Ədəbiyyat 07:49 / 22.01.2025 Baxış sayı: 213

 

Həsrəti kim səpib bunun ömrünə,

İlahi, özü də necə sıx düşüb,

Üzünə baxanda mənim yadıma,

Nədənsə həmişə ayrılıq düşüb,

İlahi, bu adam bizə oxşamır.

Bütün savablara sizindi deyib,

Bütün günahları gözündə yuyan.

Bütün ağrıları çəkib özünə,

Bütün əzabları özündə yuyan

İlahi, bu adam oğlundu bəlkə?

İlahi, bu adam bizə oxşamır,

Baş kəsmir, qan tökmür, bu azmış kimi

Dünyanın malına gözünü yumur.

Üstümüz-başımız qan içindədi

Bu ev tikilmiş hələ də durub,

Bizdən - adamlardan adamlıq umur.

Əli yaxasında Altaydan keçib,

Ümidi sonuncu Dənizdə batan.

Dərbəndə, Göyçədə göyərən ahı

Ötüb Ərdəbildən, Təbrizdə yatan,

Həzrəti İsa tək ruhu çarmıxa

Çəkilib, özünü ağlayıb gəzir.

Haylayıb səsləyir ayrılıqları,

Gözünə-könlünə bağlayıb gəzir,

İlahi, bu adam göy adamıdı,

İlahi, bu adam bizə oxşamır.

Pərişan tellərin yad əli hörən

Sağında-solunda həsrət göyərən,

Bir payız gününə qoşulub ötüb,

Ötən durnalara o payız günü

Bir pəri qoşulub, quş olub ötüb,

İndi Tanrısından gör nə diləyir

Yalvarır, bax, həmin payızı qaytar,

Bax həmin payızın alıb getdiyi

Peşiman baxışlı o qızı qaytar.

Bizimtək sevməyib sevdiyi kəsi,

Açılmaz sehirli sirr kimi sevib.

Nəziri-niyazı bütöv ömrüdü,

Sevib ocaq kimi, pir kimi sevib.

İlahi, bu adam başqa cürədir,

İlahi, bu adam bizə oxşamır.

Aydınlıq süzülür dediyi sözdən,

Döyüşdük, vuruşduq az aldıq deyir.

Hələ danışmağı dursun bir yana,

Susub durmasında azadlıq deyir

Qorxusu-ürküsü hardan olacaq?

Sibirdə doğulub, sürgündə, atam.

Dara yerikləyir azadlığıyla,

İlahi, bu adam qorxmur ölümdən.

Durub Gündoğandan Günbatan sarı

Gözünü göyünə sıxıb gələcək.

Bürüyüb canını dərviş ruhuna,

Sənin də dünyadan çıxıb gələcək.

Qaytaran tapılmaz onu bu yoldan,

Gələcək sözü var sənə deyəsi.

Gələcək yanına sözün sahibi,

Gələcək yanına Kəlam yiyəsi.

İlahi, biz onda biləcəyik ki,

Elə özü boyda qəmimiş Vəli.

Onda biləcəyik itkimiz nədir,

Onda biləcəyik kim imiş Vəli.

Hələ böyrümüzdə yanımızdadı,

Hələki yerdədi bu göy adamı,

Göynəyə-göynəyə, bir gün gələcək

Qədrini bilmədik deyəcək hamı.

İlahi, üstündən nəzərlərini

İlahi üstündən çəkmə əlini.

Öz doğma balandı, İlahi, bildim

İlahi, sən qoru dərviş Vəlini.