Saqif Qaratorpaq : - Xəyalpərəstlik
Axı, nə yazım bu yaşda,
Bax, saçlarım qardan betər.
Ürəyim budaqda qalan
Şaxta vurmuş nardan betər.
Nə yazım,gəlsin xoşuna
Ürəyinə səp su kimi.
Son nəğməmi oxuyuram,
Tənha qalan bir qu kimi.
Bəlkə ömrün son qışıdı,
Bir də çatmadım bahara.
Mən gedən izi tutub gəl,
Zalım, məni hərdən ara.
Unudur verdiyi sözü,
Heyif, unudur adamlar.
Son dəfə gəl, döy qapımı,
Kəndimizə yağanda qar.
Qorxma, donan əllərini
Nəfəsimlə isidərəm.
Tut əlimdən bircə dəfə,
Ölümə desən, gedərəm!
Çoxdan çıxıb gedəsiydim,
Qalmışam sənin xətrinə.
Qoy uzansın qış gecəsi,
Batım saçının ətrinə!
19Aida Adıgözəl və başqa 18 nəfər