Şakir  Xanhüseyn - Bir söz demək gərəkdi ki...

Ədəbiyyat 13:48 / 28.02.2026 Baxış sayı: 350

***

Bir söz demək gərəkdi ki,

səni diksindirə kimsən;

Çox-çox əvvəldən gəlirsən,

bu dünyadan da qədimsən...

 

Bir söz əlini bir işə

diksindirsin, bir işdən tut;

Bir toxumu ək torpağa,

gücün yetən bir daşdan tut.

 

Bir sözdən qələm diksinə,

elə yaza, nəsə yaza;

Sadəcə kəlmələr deyil

naxış düzülə kağıza...

Bir sözdən- qəfil bir səsdən

ayağın diksinə, yola

Təptəzə izlər sala ki,

sabaha bir ümid ola.

Bir söz demək gərəkdi, hə,

diksindirə zamanı da;

Deyələr yerinə düşüb,

deyilib lap zamanında...