"Rhumun payızı"

YAZARLAR 09:08 / 28.02.2026 Baxış sayı: 356

Mən səni dualarımın ən gizli yerində gizləmişdim...

Ruhumun quraqlığında sənə çeşmələr ayırmışdım ki, susuzluğun mənim varlığımla dinsin.

Sənə baxanda güzgüdə özümü deyil, sənə olan inamımın saflığını görürdüm.

Amma sən...

Sən mənim sənə qurban verdiyim illəri, bir ovuc soyuq kül kimi rüzgara sovurdun.

Nankorluq — ruhun ən kimsəsiz fəslidir.

Mən sənə günəş olmaq istəyərkən, sən öz kölgəndə gizlənməyi, məni isə o kölgənin soyuğunda buraxmağı seçdin.

İndi anlayıram ki, bəzi insanlar dəniz kimidir;

Nə qədər sevgi axıtsan da, öz acılığını heç vaxt unutmazlar.

Sənə verdiyim dəyər, əslində mənim ürəyimin zənginliyi idi,

Sənin nankorluğun isə... sənin daxili yoxsulluğun.

İndi qəlbimdə bir fəlsəfi kədər var:

İnsan özgələşəndə deyil, doğma bildiyinin içindəki "yad"ı kəşf edəndə sarsılır.

Mən səni itirmədim, mən səndəki o xəyali "səni" dəfn etdim.

Çünki həqiqi sevgi xatırlanmaq istər, nankorluq isə hər şeyi unudulmağa məhkum edər.

Sənə olan sükutum, artıq ən böyük fəryadımdır.

Gedişinlə məni deyil, sənə olan o müqəddəs inamı öldürdün.

Və unutma:

Göy üzü buludları bağışlayar, amma torpaq üstünə düşən hər qətrə nankorluğun izini əbədi saxlar.

          Sevil Azadqızı

27.02.2026