Sabir Zəkullaoğlu : -  Qaş tükü

YAZARLAR 08:53 / 03.07.2024 Baxış sayı: 947

 

Koronovirusun tüğyan etdiyi vaxtlarda Kərbəlayi Vidadi belə bir söhbət eşitdi ki, 610 - cu ildə müsəlman coğrafiyasına nicat kimi gəlmiş, Allah tərəfindən göndərilmiş quran kitabı bu gün də öz möminlərinin ərazi qulluğundadır...

Belə ki, hər kimin ki, evində quran kitabı var, (əlbəttə ki, bütün müsəlmanların evində qara parçaya bükülmüş, ən hündür yerdə qoyulmuş bir quran kitabı vardır) gecikmədən o kitabı açıb vərəqləsin..

Həmin o quran kitabının vərəqləri arasında xırda bir tük nazil olacaqdır.

Bu tük sıradan bir tük deyil. Bu tük, Həzrəti peyğəmbərimizin mübarək qaşından olan tükdür ki, öz əhli müsəlmanlarının dadına çatmağa gəlib..

Əlbəttə, ola bilsin ki, bu tük hər kəsin evindəki quran kitabının arasında olmasın, çünki bu tük daha az günahı olan və daha çox ibadəti olan insanların şansına çıxacaqdır..

Öz dəsti - xəttiylə saqqalındakı xətt vəhdət təşkil edən məşədi Vidadi bu xəbəri eşidən kimi tez evə qaçdı. Ona məxsus olan, bərəkətli olsun deyə, içində quran kitabıyla bərabər pul da saxladığı sandıqçanı açıb, içindən quran kitabını çıxardı..

Kitab qəttəzə qara bir parçaya bükmüşdü..

Kitabı əlinə götürən kimi dizləri əsməyə başladı. Özünə gəlsin deyə kitabı üç dəfə öpüb gözünün üstünə qoydu. Elə bil, doğurdan da, ruhuna bir sakitlik, gözlərinə işıq gəldi..

Sağ qolunu qaldırıb bayaqdan alnında tumurcuqlamış soyuq tər damcılarını köynəyinin qoluyla sildi..

Ancaq əlləri hələ də əsir, sinəsi həyəcandan enib qalxırdı..

Kitabın ilk səhifəsindəcə bir tükə rast gəldi.

Eynən qaş tükü idi.

Məşədi Vidadi bu dəfə həyəcandan qışqırmaq istədi. Ancaq yaşından həya edib, özünü yığışdırdı..

Məşədi, cəld ayağa qalxıb keçən yay qonşusu Zəhranın nişanından bəri istifadə etmədiyi samovarı zirzəmidən çıxarıb əvvəlcə onu yaxşıca yudu.

Sonra, "Allahun müəssəllü və ali Mühəmməd" deyib, üç dəfə qüsul verdi..

Hər şey təmiz və pak olsun deyə, həyətdəki su çənindən yox, gedib quyudan bir vedrə təzə su gətirdi.

Əvvəlcə bir dua zikr eləyib samovarın qapağını açdı. suyla doldurdu..

Daha sonra üç dəfə - ya Allah, ya Allah, ya Allah deyib, Quranın arasından götürdüyü "peyğəmbərin qaşından ğöndərilmiş" tükü samavara tökdüyü suyun içinə atdı..

Samovar qaynara düşəndə məşədi bir çay süfrəsi düzəldib həyət qapısını taybatay açdı..

Və yoldan keçən hər kəsi Allahın və onun göndərdiyi peyğəmbərin adından ehsanat etdiyi "şəfa çayı"na dəvət etdi...

Məşədi Vudadiyə görə o hər şeyin ən doğrusunu etmişdi. Sadəcə onu fikir götürmüşdü ki, o" müqəddəs tük" hansı xoşbəxtin payına düşəcək..

İçindəki inam ona deyirdi ki, o tükü çayla birlikdə həzmirab edən adam, heç şübhəsiz ki, ən azından 100 il sağlam yaşıyacaq..

Məşədi Vidadinin dalğın gözləri həmin o xoşbəxt adamı axtarırdı...