"Rəsmi rəqəmlər hədəfə çatmadığımızı göstərir" - Komitə sədri

İqtisadiyyat 14:16 / 31.05.2024 Baxış sayı: 3085

 

“Sosial mediada ən çox müzakirə olunan məsələlərdən biri minimum və orta əmək haqqı ilə bağlıdır. Xüsusilə bu göstəricilərə görə regional müqayisədə Gürcüstan və Ermənistanın ölkəmizdən irəli keçməsidir. Hazırkı rəsmi statistika əsasında müqayisə belədir: Azərbaycanda aylıq orta əmək haqqı 557 dollar, Ermənistanda aylıq orta əmək haqqı 710 dollar, Gürcüstanda aylıq orta əmək haqqı 748 dollardır”. 

Yenises.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc deyib.

“MDB statistika qurumunun verdiyi məlumata görə 2023-cü ildə üzv ölkələrdə orta aylıq əmək haqqı: Ermənistan - 824 ABŞ dollar, Azərbaycan - 560 ABŞ dolları olub. Biz Cənubi Qafqazda liderliyimizi qorumaq üçün daha təsirli tədbirlər görməliyik. "Azərbaycan 2020: Gələcəyə Baxış İnkişaf Konsepsiyası” sənədinə əsasən, hökumətin hədəflərindən biri minimum maaşı orta aylıq əməkhaqqının 60 faizinə çatdırmaq idi. Ancaq rəsmi rəqəmlər hədəfə çatmadığımızı göstərir”, - deyə komitə sədri bildirib.

Onun sözlərinə görə, əhalinin orta təbəqəsinin yaşayış səviyyəsinin yüksəldilməsi üçün kənd təsərrüfatına yeni imkanların yaradılması, vergilərin və kredit faizlərinin azaldılması bütün informasiya lentlərində qırmızı xətlə keçir:

"Qiymətlərin artımı və inflasiyanın səviyyəsi informasiya məkanında ən çox müzakirə olunur. İnflyasiyanın pik dövründə qida inflyasiyası 20 %-i aşıb. Əhalinin xərclərinin yarıdan çoxunu ərzaq məhsulları təşkil etdiyini nəzərə alsaq, azgəlirli əhali qrupu inflyasiyanı daha çox hiss edir”.